AZAL klubunun vitse-prezidenti, Klublar Komitəsinin sədri Fikrət Hüseynovun apasport.az saytına müsahibəsi
- Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bir neçə gün öncə saytımıza müsahibəsində “Qarabağ” istisna olmaqla, ölkə çempionatında çıxış edən bütün klubların PFL-ə borcunun olduğunu demişdi. Dünən isə “Xəzər” TV-də “Futbol saatı” proqramında qonaq olan qurum rəhbəri borclarını ödəmədiyi üçün 9 kluba transfer qadağasının qoyulduğunu bildirib. Klub rəsmisi kimi məsələyə münasibətiniz necədi?
- Düzdü, komandalarımızın PFL-ə borcu var. Borc 2 ilə yaxındı yığılıb. Əlbəttə ki, bu, xoşagəlməz haldı. Çempionatımızın rəngarəngliyi və gücünü aşağı sala bilərik. Normal legionerlər ala bilməsək, transferlər həyata keçirilməsə, ölkə çempionatımıza, futbolumuzun inkişafına mənfi təsir göstərə bilər.
- AZAL klubunun PFL-ə konkret nə qədər borcu var?
- Borcumuz var, amma bunu konkret deyə bilmərəm. Bu işlə mühasibatlıq məşğul olur. 1-2 günə hamısını dəqiqləşdirəcəyik.
- Klublar Komitəsinin sədri olduğunuzdan, AZAL-la yanaşı, digər klublarımızın da durumu sizi narahat etməlidi...
- Bəli, bu, bütün klublarımızın problemidi. Klub rəsmiləri də narahatdılar. Ayın sonunda, yəni fevralın 1-nə qədər Klublar Komitəsi olaraq, yığışıb, kompromisə gələcəyik. Görək, məsələni necə həll edəcəyik? Bütün klub nümayəndələri oturub, danışıb, AFFA, PFL ilə kompromisə gələcəyik. Elə klublar var ki, ölkə xaricinə təlim-məşq toplanışına gedirlər. Onlar ayın axırında, yanvarın 24-25-də Bakıda olacaqlar. Elə o ərəfələrdə, ayın 26-27-də məsələ ilə bağlı Klublar Komitəsinin iclasını keçirmək fikrindəyik. Mütləq bir araya gəlməliyik. Ramin Musayevi də həmin iclasa dəvət edəcəyik. Əlbəttə ki, bu iş belə qalmayacaq, həll olunacaq. Mənə elə gəlir ki, məsələ müsbət nəticələnəcək.
- Klublarımızın maddi çətinliklə üzləşməsi aydın məsələdi. Yəqin ki, AZAL qış fasiləsində az transferlə kifayətlənəcək...
- Biz heyətdə böyük dəyişiklik etmək fikrində deyilik. Heyətimizi qoruyub saxlayırıq. 1-2 oyunçu ilə yollarımızı ayıracağıq. Baş məşqçi Tərlan Əhmədov bu gün və ya sabah bunu elan edəcək. Bilirsiz ki, artıq meksikalı legioner Adan Koronado ilə müqavilə bağlamışıq. Bundan əlavə, “Zirə”dən Eltun Hüseynlini heyətimizə qatmışıq. Daha bir futbolçu isə Braziliyadan gəlib. Yeni gələnlərlə maddi durumla əlaqədar, 6 aylıq müqavilə bağlayırıq. Braziliyalı hələ özünü doğrultmalıdı ki, onunla da müqavilə imzalansın. Biz strategiyanı dəyişəndən sonra cavanlaşdırma siyasətinə keçdik. Elə bir klubumuz yoxdu ki, devalvasiya ilə bağlı çətinlik yaşamasın. Məncə, bundan normal şəkildə çıxacağıq.
- Qış fasiləsinə VII pillədə yollanan AZAL-ın çempionatın qalan hissəsində hədəfi nə olacaq?
- Mən indi deyə bilmərəm ki, hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı. Amma rusların belə bir sözü var: İştah diş altındadı. 5 tur keçmişdi və bizim nə xalımız, nə də vurduğumuz qol var idi. Amma oyunumuz var idi. Hamımız deyirdik ki, oyun var, buna rəğmən, nə qol vura bilirik, nə də xal yığa. Yavaş-yavaş vəziyyət düzəldi, Tərlan Əhmədov komandanı çətin durumdan çıxara bildi. Sizə bir statistika deyim. Keçən il AZAL-da oynayan futbolçulardan indi 9-u yuxarı pillələrdə gedən “Zirə”də, 3-ü “İnter”də, daha 3-ü isə “Kəpəz”də çıxış edir. Həmin heyətimiz olanda biz 18 turdan sonra 17 xal toplamışdıq. Hazırkı heyətlə isə 18 turdan sonra aktivimizdə 22 xal var. Keçən il heyətimiz maddi tərəfdən bugünkü heyətdən 10-12 dəfə artıq idi. Qış fasiləsindən sonra bacardığımız qədər xal toplamaq və turnir cədvəlində irəliləməyə çalışacağıq. Futbolda hər şey ola bilər. Hədəfimiz yaxşı komanda qurmaqdı. Gənc oyunçularla 2-3 illik müqavilə bağlamışıq. Tərlan müəllim cavanlara şans verir. Gələn il üçün hədəfimizi isə vaxtı çatanda açıqlayacağıq.
Tengiz MƏMMƏDOV