“Neftçi”nin braziliyalı futbolçusu Flavinyonun “ağ-qaralar”ın heyətindəki 5 illik karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycana gəlib-getmiş ən yaxşı legionerlərdən biri olan cənubi amerikalı 2010-cu ilin yayından çıxış etdiyi paytaxt təmsilçisində bir sıra rekordlara və diqqətçəkən göstəricilərə imza atıb.
Gəldiyi ilk mövsümdə “Neftçi”ni çempionluğa daşıyan, 6 illik qızıl həsrətinə son qoyulmasında əvəzsiz xidməti olan Flavinyo 5 ildə 5 titul qazanıb. 3 çempionluq, 2 kubok əldə edən 32 yaşlı yarımmüdafiəçinin oyununda mövsümdən-mövsümə eniş hiss olunsa da, sonda kapitanı olduğu komandayla bir sıra uğurlara da imza atıb. Onun ölkəmizdəki qazancı da bu titullar, rekordlar və azarkeş sevgisi olub.
Azərbaycan futbolu tarixində ilk dəfə avrokubokların qrupuna düşən “Neftçi” ilə Avropa Liqasında da çıxış edən sambaçı 5 il əezində 174 qarşılaşmada iştirak edib. Bu müddətdə 38 qola imza atan yarımmüdafiəçi məhsuldarlığı ilə də diqqət çəkib. Premyer Liqa (133 oyun, 31 qol), avrokuboklar (22 oyunda 2 qol), ölkə kuboku (18 oyun, 5 qol), Superkubokda (1 oyun) çıxış edən Flavinyonun ayrıldığı “Neftçi”dəki göstəricilərinə nəzər salaq.
Tam adı Flavio Aleks Valensio olan Flavinyo Azərbaycan Premyer Liqasında 133 oyun keçirib. O, çempionatımızda ən çox oyun keçirən 20 legionerdən biridi. Milliləşənlər nəzərə alınmasa, cənubi amerikalı “11-lik”də qərarlaşıb. Flavinyo Premyer Liqadakı oyun sayında yalnız 3 braziliyalıdan – Denis Silva, Fabio Luis Ramim və Junivan Suaresdən geri qalır. Sambaçı “ağ-qaralar”la çempionatda ən çox qarşılaşmaya çıxan 8-ci futbolçudu. Legionerlər arasında mütləq rekord da ona məxsusdu.
Azərbaycan çempionatında 31 qol vuran yarımmüdafiəçi Premyer Liqa tarixinin ən yaxşı 75 bombardirindən biridi. Legionerlər arasında ən məhsuldar 15 oyunçu sırasında yer alan Flavinyo braziliyalılardan yalnız 4-dən geri qalır. “Neftçi”nin ölkə çempionatları tarixində 10 ən yaxşı bombardriindən biri olan yarımmüdafiəçi “ağ-qaralar”ın legionerlər arasında “Top-4”dədi.
2010/11, 2011/12 və 2012/13 mövsümlərində “Neftçi” ilə ardıcıl 3 çempionluq yaşayan braziliyalı bu göstəricidə də rekordçulardandı. Azərbaycanda yalnız 53 futbolçu 3 və daha çox çempionluğun qazanılmasında pay sahibi olub. Söhbət çempion olan komandanın heyətində ən azı 1 matç keçirməkdən gedir. Legionerlər üçün bu göstəricidə rekord 3-ə bərabərdi. Rekordçulardan biri olan Flavinyonun “Neftçi”dəki komanda yoldaşları İqor Mitreski, Denis Silva, Bahodir Nasimov, həmçinin Badri Kvaratsxeliya kimi 3 qızıl medalın qazanılmasında əməyi olub. Ümumilikdə isə o, “Neftçi”də hamıdan çox – 3 çempionluq sevinci görən 12 futbolçudan biridi.
2012/13 və 2013/14 mövsümlərində Azərbaycan kubokunun finalında meydana çıxıb, qələbə sevinci yaşayan Flavinyo bu yarışda 2 və daha çox titul qazanan 59 oyunçudan biridi. O, 3 belə uğurun müəllifi kimi legionerlər arasında rekordçu olan Denis Silvadan geri qalsa da, ən çox kubok əldə edən 9 legioner sırasındadı. “Neftçi”də Flavinyo da daxil olmaqla, 18 oyunçu 2 kubok qazanıb ki, onlardan yalnız 5-i əcnəbidi.
Son 4 mövsümdə finalda iştirak edən “Neftçi” ilə 3 dəfə həlledici qarşılaşmaya çıxan yarımmüdafiəçi bu göstəricidə də liderlərdəndi. O, 3 və daha çox final oynamış 58 futbolçudan biridi. Legionerlərdən isə buna 10 əcnəbi nail olub. Flavinyo yalnız hesabında 5 final olan Denisdən geri qalır. “Neftçi”də isə 6 oyunçu 3 və daha çox finalda meydana çıxıb. Bu “altılıq”da olan Flavinyo yalnız Denisdən geri qalır.
20010-cu ilin yayından “Neftçi”də çıxış edən cənubi amerikalı ölkəmizdə 5 mövsüm keçirib. O, çempionatımızda minimum 5 mövsüm çıxış edən 59 legioner, 8 braziliyalıdan biridi. “Neftçi”nin tarixində yalnız 38 oyunçu bu qədər çıxış edib. O, “ağ-qaralar”ın tarixində ən çox mövsüm keçirən legionerdi. Flavinyo Denis, Georgi Adamiya və Vladimir Miçoviçlə şərikli rekorda malikdi. Sambaçı Azərbaycanda eyni klubda 5 və daha çox mövsüm keçirən 25 legionerdən biridi. Onun daha bir rekordu “Böyük oyun”larla bağlıdı. “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmalarında hamıdan çox – 8 top vuran Flavimyo izləyicilərini böyük fərqlə qabaqlayır.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq