[b]Formallıq, yoxsa möcüzə?[/b]
09.04.2018 - 14:00
[b]Formallıq, yoxsa möcüzə?[/b]

Sabah və birigün Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bununla yarımfinalçıların adlarına aydınlıq gələcək.

 

Əslində, ilk oyunların nəticələrinə əsasən, kimlərin yoluna davam edəcəyinə böyük ölçüdə aydınlıq gəlib. Lakin Çempionlar Liqası kimi turnirdə istənilən möcüzə baş verə bilər.

 

İlk matçlar sabah Roma və Mançesterdə baş tutacaq. “Barselona” ilə səfər qarşılaşmasında böyük hesabla uduzan “Roma”nın şansları yoxa bərabər sayılır. Çünki rəqib bu mövsüm məğlubiyyət üzü görməyən “Barselona”dı. “Canavarlar”ın doğma meydanda 3 cavabsız qolla qalib gəlməsi yalnız möcüzə olar. Hətta ilk qarşılaşmanı buraxan Cengiz Ündərin bu dəfə oynamaq ehtimalı belə, italyanlara böyük ümid vermir.

 

İngiltərə klublarının dueli barədə isə eyni sözləri söyləmək olmaz. Düzdü, “Liverpul” – “Mançester Siti” görüşündə də 3 top fərqi qeydə alınmışdı. Lakin gözlənilmədən səfərdə böyük hesabla yenilən “şəhərlilər” indi geridönüş etməyə çalışacaqlar. Doğrudu, bu, olduqca çətin görünür. Çünki rəqibin heyətində Salah-Mane-Firmino kimi əks-hücumu sevən sürətli hücum “trio”su var. Ancaq Premyer Liqada çempionluğa yaxın olan və ÇL-in əsas favoritləri arasında göstərilən Pep Qvardiolanın yetirmələrinin vəziyyəti lehlərinə çevirmələri möcüzə olmaz.

 

Aprelin 11-dəki qarşılaşmaları da formal saymaq olar. “Bavariya”nın İspaniyada qalib gəldiyi “Sevilya”ya evində uduzması real görünmür. Hətta heyətlə bağlı yaranan problemlər də almanların yarımfinala adlamasına çətin ki, mane olsun. “Sevilya” səfərdə 2 top fərqi ilə qalib gəlməli. Ancaq Bundesliqa çempionluğunu rəsmiləşdirən Almaniya nəhənginin ispanlara bu imkanı verməsi mümkünsüz görünür.

 

Digər cütlükdə isə “Real”ı yarımfinalda saymaq olar. “Yuventus”u İtaliyada 3 cavabsız qolla üstələyən “kral klubu”nun dayanacağına yəqin ki, “qoca sinyora”nın azarkeşləri də inanmır. Üstəlik, Paulo Dibalanın da cəzalı duruma düşdüyünü nəzərə alsaq, turinlilər çətin ki, İspaniyada nəyəsə ümid etsinlər.

 

 

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

 

10 aprel

 

22:45. “Roma” (İtaliya) – “Barselona” (İspaniya)

Baş hakim: Klemen Turpin (Fransa)

Roma. Olimpiya Stadionu

İlk oyun – 1:4

 

22:45. “Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə)

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Mançester. Şəhər stadionu

İlk oyun – 0:3

 

11 aprel

 

22:45. “Bavariya” (Almaniya) – “Sevilya” (İspaniya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Münhen. “Alyans Arena”

İlk oyun – 2:1

 

22:45. “Real” (İspaniya) – “Yuventus” (İtaliya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Madrid. “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 3:0