[b]Georgi Nikolov: “İnter” gizli favoritdi – MÜSAHİBƏ[/b]
28.10.2015 - 12:09
[b]Georgi Nikolov: “İnter” gizli favoritdi – MÜSAHİBƏ[/b]

Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatının X turu çərçivəsində “İnter” bu gün “Neftçi”nin qonağı olacaq. Rəqibiniz cari mövsümü pis keçirir, hazırda yaxşı vəziyyətdə deyil. Bunu sizin üçün üstünlük saymaq olarmı?

- Bizim üçün çox ağır oyun olacaq. Çünki rəqibimiz son oyunlarda tələb olunan kimi çıxış edə bilmir. Odu ki, onlar sona qədər mübarizə aparıb, özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Amma “İnter”in də öz arqumentləri, imkanları var. Bütün bunlar azarkeşlərin baxımlı futbol izləyəcəklərini deməyə əsas verir. Əgər bu görüşdə qələbə qazansaq, heç olmasa 1 xal əldə etsək, bu, bizim üçün yaxşı nəticə sayılacaq. Düzdü, “Neftçi” də hazırda çətin günlərini yaşayır. Amma “Neftçi” həmişə “Neftçi”di və hər dəfə ən yüksək yerlər uğrunda mübarizə aparır. Odu ki, onlarla görüşün bizim üçün asan keçəcəyini düşünmürəm.

 

- “İnter”in cari mövsümdəki çıxışını necə qiymətləndirirsiz?

- Siz də razılaşarsız ki, “İnter” həmişə iddialı komanda olub. Hazırda çətin dövrümüzü yaşayırıq. Bunların fonunda yenidən liderlər qrupunda qərarlaşmaq məni ancaq sevindirə bilər (gülür). Avropa Liqasında pis çıxış etmədik, indi isə ölkə çempionatında 3-cü pillədəyik. Yeganə problem stabillik göstərə bilməməyimizdi. Bu da yəqin ki, psixoloji vəziyyətlə və komandada zədəli futbolçuların çoxluğu ilə əlaqədardı. Bir neçə oyunçumuz zədəlidi. Bu cür problemlərin qarşılığında komandanın hazırkı çıxışı məni razı salır. İnanıram ki, mövsümün sonunda da mükafatçılar sırasında yer alacağıq.

 

- Baş məşqçi və futbolçular çempionluq barədə düşünmədiklərini bildirirlər. Siz də çempionluğun hazırda “İnter” üçün xəyal olması ilə barışmısız?

- (Gülür). Kim istəməz ki, çempion olsun? Bunu hamı istər. Birinci olmaq, kuboku qazanmaq, yaxşı nəticə göstərmək idmanda, futbolda həmişə əsas prioritet olub. Amma realist olmaq lazımdı. Hazırda Azərbaycan çempionatında 2 çox güclü komanda var: “Qəbələ” və “Qarabağ”. Onlar çempionluğa əsas namizədlər sayılırlar. Gizli favoritlər də var ki, “İnter” də həmin klubların sırasında yer alır. Bura “Kəpəz”, və “Neftçi”ni, həmçinin debütant olmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərən “Zirə”ni da əlavə edərdim. Düşünürəm ki, komandalar arasında çempionatın sonuna qədər güclü rəqabət gedəcək.

 

- “İnter” çempionatın ilk dövrəsində qapısından 6 qol buraxıb ki, bu, yaxşı nəticədi. Amma 9 oyun ərzində rəqib qapılarından cəmi 8 top keçirilib. Bu onu deməyə əsas verir ki, hazırkı məqamda komandanın əsas problemi hücum xətti ilə bağlıdı. Razısızmı?

- Necə deyərlər, hədəfə “onluq”dan vurdunuz. Tamamilə razıyam. Bu məsələ komandanın baş məşqçisi Zaur Svanadzeni də narahat edir. Dünən onunla bu barədə danışdıq, yüngül narazılığını bildirdi. Nə deyə bilərəm? Qarşıdakı aylarda o, hücumda yeni keyfiyyət axtaracaq. Müdafiə xətti yenə dəqiq oynayır. Sizin də qeyd etdiyiniz kimi, 9 oyunda cəmi 6 qol buraxmaq yaxşı nəticədi. Hücumda isə problemlər var. Amma onu da deməliyəm ki, ixtiyarımızda olan hücumçular – Yuri Fomenko, zədələnməyə qədər Rauf Əliyev, hamısı özlərini yaxşı tərəfdən göstərirlər, sadəcə qol vurmaqda çətinlik çəkirlər. Halbuki, onlardan qol vurmaq tələb olunur.

 

- Cari mövsümdə Aqil Məmmədov və Emin Quliyev müvafiq olaraq, “Sumqayıt” və “Rəvan” klublarından istefaya göndərildilər. Samir Əliyev isə getmək istəsə də, “Neftçi” rəhbərliyi buna razı olmadı. “İnter” qarşıdakı turlarda zəif çıxış etsə, nəticə əldə edə bilməsə, istefa təhlükəsi Zaur Svanadzeni də gözləyirmi?

- Biz ondan çox razıyıq. Svanadze ən çox bəyəndiyim məşqçilərdən biridi. Yaxşı mütəxəssisdi, öz ideyaları, futbol fəlsəfəsi, komandanı çətin vəziyyətdən çıxarmaq bacarığı var. Belə olan halda, niyə onu başqası ilə əvəzləyək? Bilirsiz ki, “İnter” bu məsələdə həmişə konservativ davranıb. 11 il ərzində “İnter”i cəmi 4 məşqçi çalışdırıb. Komandanın işləri yaxşı getməyəndə də klub rəhbərliyi məşqçi məsələsi ilə bağlı heç vaxt təşvişə düşməyib. İndiki məqamda isə Svanadze bütün bacarığını nümayiş etdirir. Odu ki, dəyişikliyə ehtiyac yoxdu. Svanadze minimum mövsümün sonuna “İnter”i çalışdıracaq. Sonrakı taleyini isə komandanın nəticəsi müəyyənləşdirəcək.

 

- Yanvarda yeni transferlər olacaqmı?

- Yəqin ki, heyət gücləndiriləcək. Amma indiki məqamda konkret söz demək çətindi. Hər şey klubun maddi durumundan asılıdı. Hazırda çox ağır maddi şərtlər altında çalışırıq. Bizim komandada maddi vəziyyətimizlə ayaqlaşan futbolçular oynayacaq. Əfsuslar olsun ki, belə oyunçuların sayı çox azdı. İndiki məqamda əsas planımız odu ki, “İnter” yaşasın və möhkəmlənsin. Bundan sonra gələcəklə bağlı planlar qurmaq olar.

 

Tengiz MƏMMƏDOV

 

 

0