Bakının “İnter” klubunun keçmiş prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi
- Uzun müddətdi “İnter”dən ayrılsanız da, Azərbaycanı tərk edə bilmirsiz. Bu məsələ ilə bağlı yenilik varmı?
- Artıq bütün problemlərim həll olunub. Bolqarıstana qayıtmağa hazırlaşıram. Bilet ala bilsəm, cümə axşamı, həmin vaxta bilet olmasa, cümə günü Bakıdan ayrılacam.
- Problemi necə həll etdiniz?
- Bu haqda danışmaq istəmirəm. Əsas odu ki, məsələ müsbət həllini tapdı və Bolqarıstana qayıdıram.
- Bir müddət əvvəl səhhətinizlə bağlı problemlə üzləşdiyiniz haqda xəbərlər yayılmışdı. Hazırda özünüzü necə hiss edirsiz?
- Tam tibbi müayinədən keçməliyəm. Hər şeyin yaxşı olacağına ümid edirəm.
- Azərbaycan futbolunu izləyirsizmi?
- Əlbəttə izləyirəm. Həm “İnter”, həm də Azərbaycan yığmasına görə çox həyəcan keçirirəm.
- “İnter”ın hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiz?
- Komanda bacardığını edir. O cür futbolçular və baş məşqçi ilə “İnter” öz oyununu sərgiləyə bilir. Son vaxtlar üzləşdiyi problemlərə baxmayaraq, ölkənin 2 ən güclü klubundan sonra 3-cü pillədə qərarlaşmağı bacarıb. Ümid edirəm ki, “İnter” hazırkı mövqeyini sona qədər qoruya və yekunda bürünc medal qazana biləcək. Klubun üzləşdiyi vəziyyətə gəlincə, təbii ki, təəssüfləndirici haldı. Əgər sponsorun, həqiqətən də, problemləri varsa və daha maddi dəstək göstərə bilmirsə, nə etmək olar? Bu duruma da hörmətlə yanaşmaq lazımdı. Hər şeyə rəğmən, “İnter”in yaşayacağına və Azərbaycan futbolunda daim aparıcı klublardan olacağına ümidliyəm.
- Amma komandanın gələcək aqibəti, yaşayıb-yaşamayacağı hələ müəmmalı olaraq qalır...
- Təkcə “İnter”in yox, istənilən klubun gələcəyi maddi vəziyyətlə bağlı olur. Klubun yaşaması üçün güclü sponsor olmalı və büdcəni müəyyənləşdirməlidi. “İnter”in gələcəyi də bundan asılıdı. Əgər yaxşı, ürəyi futbolla döyünən sponsor tapılsa, kluba lazımi maddi dəstək versə, “İnter”in gələcəyi yaxşı olacaq. Əks halda isə klub kritik vəziyyətdən çıxa bilməyəcək, “öləcək”, yəni bir daha olmayacaq.
- Azərbaycan çempionatının cari mövsümü barədə hansı fikirdəsiz?
- Premyer Liqada 8 komanda çox azdı. Məyusedici durumdu. Çünki Azərbaycan futbolu həm SSRİ, həm də müstəqillik illərində yaxşı komandalar və oyunçularla təmsil olunub. İndi isə elitada cəmi 8 komanda çıxış edir. Bu nə deməkdi? Əvvəlki rəqabət yoxdu. Cəmi 2 klub – “Qəbələ” və “Qarabağ”ın maddi vəziyyəti yaxşıdı və onlar liderlik edirlər. Digərlərinin başı isə idman və maliyyə problemlərinə qarışıb. Cari mövsümdə məni daha çox “Neftçi”nin çıxışı təəccübləndirdi. Onlar mövsümə elə pis başladılar ki, son pillələrə qədər düşmüşdülər. Qış fasiləsində heyətə yaxşı futbolçular qatsalar da, indi də tam istənilən kimi çıxış etmirlər. “Zirə” rəqibləri ilə “döyüşür”, gənc futbolçulara malik “Sumqayıt” bacardığını edir. Əfsuslar olsun ki, AZAL-ın cari mövsümdə nəticələri pis oldu. Halbuki sanballı klubdu, yaxşı futbolçuları var, bazaya malikdi. Amma pis vəziyyətlə üzləşdilər, çempionatı tərk edəcəklər. Bəziləri Azərbaycan çempionatında rəqabətin olduğunu deyir. Mən isə bununla razı deyiləm. 8 komanda olduqca azdı. Premyer Liqada “Turan Tovuz”, “Şəmkir” kimi bölgə komandaları da iştirak etməlidi. Belə olsa, bölgə camaatının futbola marağı daha da artar.
- Azərbaycan çempionatının oyunlarını televiziyadan izləyirsiz, yoxsa stadionlara gedirsiz?
- Televiziyadan da izləyirəm, stadiona da gedirəm. Mənim evim “İnter Arena”nın yaxınlığında yerləşir. Pəncərədən birbaşa meydanı görmək olmur.
- “İnter”in yeni rəhbərliyi, eləcə də, məşqçilər və futbolçularla heç görüşürsüzmü?
- Klubun hazırkı rəhbərinin kim olduğunu belə, bilmirəm. Mənim gedişimdən sonra “İnter”də, səhv etmirəmsə, 3-4 dəfə prezident dəyişikliyi oldu. Bu, qeyri-stabillikdi və mənfi təsir göstərir. Futbolçular onları nə gözlədiklərini bilmirlər. Mən 9 il yarım vaxt ərzində “İnter”ə rəhbərlik etdim. Bizim vaxtımızda klub stabilliyinə görə nümunə idi. İndi isə vəziyyət fərqlidi. Həmkarlarım məndən inciməsinlər, amma 1 il ərzində bu qədər rəhbər dəyişikliyi olursa, bu, kluba yalnız mənfi təsir göstərə bilər.
- “İnter”dən sizə müraciət edib, hansısa məsələ ilə bağlı məsləhət alıblarmı?
- Klubdan ayrıldığım ilk aylarda müraciət edirdilər. Sonra isə heç kim buna ehtiyac duymadı. Amma “İnter” öz yolunda gedir. Yəqin ki, yeni rəhbərliyin fərqli strategiyası var. Mən “İnter”in rəhbəri olanda əvəzedici komandaya görə çox narahat olurdum. Açığı, məni daha çox əvəzedici heyətin çıxışı maraqlandırırdı. İndi isə “İnter”in əvəzedici komandasının qeyri-stabil çıxış etdiyini görürəm. Klub transfer qadağası ilə üzləşmişdi və belə bir məqamda əvəzedici heyətdən bir neçə oyunçu əsas komandaya yüksəlməli idi.
- Azərbaycanı tərk etdikdən sonra hansı işlə məşğul olacaqsız?
- Öz işlərimlə məşğul olacam. Hələ heç nə açıqlamaq istəmirəm. Gələcəklə bağlı plan qurmağı xoşlamıram.
- Nə vaxtsa yenidən Azərbaycanda çalışmaq istərdiniz?
- Təklif olsa, məmnuniyyətlə çalışaram. Azərbaycan mənim üçün çox əzizdi. Bu, boş tərif deyil. Amma inanmıram ki, daha məni kimsə Azərbaycana dəvət etsin. Siz artıq idmanda öz yolunuzu tutmusuz. Düşünürəm ki, yaxın illərdə sizə əcnəbi mütəxəssislər, ümumiyyətlə, lazım olmayacaq. Çünki azərbaycanlı mütəxəssislərin artıq kifayət qədər təcrübəsi var. Hazırda Premyer Liqada cəmi 2 əcnəbi məşqçi fəaliyyət göstərir: Zaur Svanadze və Roman Qriqorçuk. Digərləri isə yerlilərdi.
- Azərbaycandakı fəaliyyətinizi necə qiymətləndirirsiz?
- Ümumi götürsək, bu müddətdə Azərbaycan futbolunun inkişafının şahidi oldum. Futbolunuz dalğaya bənzəyir: gah yüksəlir, gah enir. Hazırkı vəziyyət, yəni elitada 8 komandanın olması yaxşı hal deyil. Amma digər tərəfdən, millinin işləri pis getmir. Seçmə mərhələdə 7 xal toplayıb və düşünürəm ki, xalların ardı gələcək. Robert Prosineçkinin rəhbərliyi altında komanda pis çıxış etmir. Öz fəaliyyətimə gəldikdə isə müsbət qiymətləndirirəm. Azərbaycanda çalışmaq mənə böyük təcrübə qazandırdı. Ümid edirəm ki, mən də öz işimlə futbolunuzun inkişafında rol oynadım.