[b]Görünməmiş xal ehtiyatı[/b]
12.05.2016 - 18:30
[b]Görünməmiş xal ehtiyatı[/b]

“Qarabağ” Azərbaycan çempionatlarında yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri mövsümdə 81 xal toplayan ilk komanda kimi tarixə düşüb.

 

XXXIV turun “Qəbələ” ilə görüşündə qalib gələn ağdamlılar sona iki tur qalmış xal hesabını 81-ə çatdırıb. Bunadək mövsümün sonunda turnir cədvəlində ən çox xalı olan komandaların göstəricisi 78-ə bərabər idi.

 

2004/05 mövsümündə “Neftçi” və “Xəzər Lənkəran” çempionatda 78 xal toplamışdı. Həmin vaxt qızıl medalın taleyinə əlavə matçda aydınlıq gəlmişdi. Lakin “Qızıl oyun”dakı qələbəyə görə “Neftçi”nin hesabına 3 xal əlavə edilməsi mümkün olmadığından bakılıların göstəricisini 81 kimi saymaq düzgün deyil.

 

Bu isə o deməkdi ki, “Qarabağ”ın indiki göstəricisi yeni rekorddu. Amma bu nəticə Azərbaycan çempionatlarının mütləq rekordu deyil.

 

Çünki Ağdam təmsilçisi qələbəyə görə 3 xalın verildiyi və xalların silinmədiyi mövsümlər üzrə ən yaxşı nəticəyə nail olub. Formatı və əsasnaməsinin rəngarəngliyi ilə seçildiyi çempionatlarımızda isə iki dəfə daha sanballı nəticələr qeydə alınıb.

 

1998/99 mövsümündə “Kəpəz” lideri olduğu I mərhələdə 58 xal toplayıb. Final mərhələsində komandalar hər şeyə sıfırdan başladığından qızıl medal qazanan Gəncə klubu yekun cədvəlində 25 xala sahib olub.  Əslində, həmin vaxt qərblilər “Qarabağ”ın rekordundan da çox xal yığsa da, reqlament bu xalların toplanmasına imkan verməyib. Çünki iki mərhələdəki xalları müqayisə üçün topladıqda belə çempionun dəyişməsi ehtimalı yaranır. Məsələn, 1-ci mərhələni böyük fərqlə baş vuran komanda 2-ci mərhələdə çempionluğu cüzi fərqlə əldən veribsə, ümumi xalda yenə hamıdan öndə olacaq. Lakin toplansaydı belə qarşıdakı iki görüşü qalan “Qarabağ” 1 qələbəylə həmin nəticəni də arxada qoya bilər.

 

Ağdamlıların keçə bilməyəcəyi, lakin fərqli formata görə müqayisə edilə bilməyəcəyi çempionluq 1992-ci ilə təsadüf edib. 24 il əvvəl çempion olan “Neftçi” mövsümü 62 xalla başa vurub. Lakin onda qələbəyə görə 2 xal hesablanırdı. Bunu indiki qaydalara çevirsək, bakılıların 92 xalı olardı. Amma faktiki turnir cədvəlindəki rəqəm məhz 2 xallıq sistemlədi. Bunu dəyişmək isə çempionun, mükafatçıların, istənilən yer sahibinin dəyişməsi ehtimalı yaradır.

 

Əslində, əksər çempionatlarda komandaların oyun sayının az olması da xal hesabına ciddi təsir edib. 1997/98 mövsümündə məğlub olmayan “Kəpəz” 26 turda 70 xal toplamışdı. Bu rəqəmləri indiki oyun sayına uyğunlaşdırsaq, gəncəlilərin təxminən 92 xal yığmasının da mümkünlüyü ehtimal etmək olar. Amma bu real yox, xəyali xaldı.

 

 

 

 

 

0