2018/19 mövsümünə transfer hazırlıqlarına indidən başlayan "Neftçi” heyətinə yeni futbolçu qatıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Haiti millisinin üzvü ilə gücləniblər.
Belə ki, paytaxt təmsilçisi Soni Mustivarla anlaşıb. 28 yaşlı yarımmüdafiəçi ilə münasibətlər rəsmiləşdirilib. Onunla növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, "Bastiya” və "Orlean” klublarında çıxış edib. Rumıniyanın "Petrolul”, son olaraq isə ABŞ-ın "Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşamış Soni 2013-cü ildən çağırıldığı Haiti yığmasında 9 oyun keçirib. O, "Petrolul”la Rumıniya kubokunun, "Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.
Qeyd edək ki, Mustivar "Petrolul"un heyətində 94, MLS təmsilçisi olan "Sportinq Kanzas Siti"də isə 76 oyun keçirib.