Rusiyanın “Zenit” klubunun veteran futbolçusu Vladimir Dolqopolov həbs edilib. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, buna sabiq müdafiəçinin öz həyat yoldaşını öldürməsi səbəb olub.
Cinayət törətməkdə təqsirləndirilən Dolqopolov 10 il müddətinə azadlıqdan məhrum edilib.
54 yaşlı mütəxəssis hələ 2014-cü ilin sentyabr ayında Sankt-Peterburq şəhərində saxlanılmışdı. Müstəntiqlər dərhal hadisə ilə bağlı cinayət işi qaldırmışdılar. Həmin vaxt cinayətdə təqsirləndirilən Dolqopolov bir neçə ay həbsdə saxlanılsa da, sonra şəhərdən kənara çıxmamaq şərtilə buraxılmışdı.
Qeyd edək ki, Dolqopolov karyerasının böyük hissəsini “Zenit”də keçirib. 1984-cü ildə Sankt-Peterburq təmsilçisinin heyətində SSRİ çempionu adını qazanan müdafiəçi daha sonra doğma klubunda menecer funksiyasını yerinə yetirib.