[b]Hüseynov, Qurbanov və Nelson[/b]
22.02.2016 - 11:05
[b]Hüseynov, Qurbanov və Nelson[/b]

Ardıcıl 4 oyundu qələbə qazanan “Zirə”nin futbolçusu Nelson Bonilla qollu qarşılaşmalar seriyasını 3-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XX turunda “Sumqayıt”a 1, XXI turunda “Rəvan”a 2 qol vuran salvadorlu hesabat turunun “Xəzər Lənkəran”la səfər matçında da rəqib qapısına yol tapıb.

 

Son 3 görüşdə 4 qol vurub, hesabını 7 topa çatdıran mərkəzi amerikalı bombardirlər yarışına qoşulub. Hazırda 2-ci yerə şərik olan Nelson “Qarabağ”ın braziliyalısı Riçard Almeydadan 1 top geri qalır.

 

Sonuncunun cəza üzündən qarşıdakı turu buraxması isə Bonillaya liderə çatmaq şansı yaradıb. Salvadorlu qol seriyasını XXIII turun “Neftçi” ilə matçında davam etdirsə, ən azı Almeydaya çatacaq. “Zirə”nin qol silahı bunu bacarsa, mövsümün rekordunu da təkrarlayacaq. Bakılılar növbəti turda uduzmadığı doğma arenasında “Neftçi”ni sınağa çəkəcək.

 

Söhbət ardıcıl oyunlarda qol vurmaq seriyalarından gedir. Cari mövsümdə iki futbolçu 4 matçlıq qol seriyasına imza atıb. “Neftçi”nin bombardiri Ruslan Qurbanov IX-XII turlarda meydanı qolsuz tərk etməyibsə, “Sumqayıt”ı sevindirən Amil Yunanov ötən ilin sonunda - XV-XVIII turlarda fərqlənib. Nelson kimi ardıcıl 3 qarşılaşmada fərqlənmək isə “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qaya nəsib olub.

 

Nelsonun Azərbaycan çempionatları tarixinin rekordu haqda düşünməsi isə hələ çox tezdi. Çünki 1992-ci ildə qeydə alınan göstəricinin təkrarlanması o qədər də real görünmür. Həmin vaxt SSRİ çempionatını ilk müstəqil yarışa dəyişdiyindən rəqiblərindən aşkar üstün olan “Neftçi”nin 12 oyunluq qələbə seriyası zamanı Yunis Hüseynov hər matçda qol vurmuşdu.