UEFA İcraiyyə Komitəsinə üzv seçilən türkiyəli Sərvət Yardımcı artıq əməli fəaliyyətə başlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Yardımcı yerli klublara kömək baxımından ilk işini görüb.
Belə ki, Türkiyə Futbol Federasiyasının vitse-prezidenti “Qalatasaray”ın gələn mövsümdən avrokuboklarda iştirak edə biləcəyini, həmçinin “Fənərbaxça”nın maliyyə probleminin həlli üçün klub prezidenti Əziz Yıldırımı UEFA rəhbəri Aleksander Çeferinlə görüşdürəcəyini söyləyib: “Bundan sonra UEFA ilə klublarımız arasında körpü rolunu oynayacam. “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça” Avropa üçün önəmli klublardı. “Qalatasaray”ın prezidenti Dursun Özbək gələcək planlarını və layihələrini göstərmək üçün UEFA-ya gəldi. Görüləcək işlər müzakirə olundu. “Qalatasaray”a bundan sonra avrokuboklardan kənarlaşdırılma cəzası verilməyəcək. Həmçinin “Fənərbaxça”nın Maliyyə “Feyr-Pley” problemini həll etmək üçün Əziz Yıldırımla Çeferin arasında görüş təşkil edəcəm. “Fənər”ə də hər hansı bir cəza gözləməyin”.
Qeyd edək ki, “Qalatasaray” Maliyyə “Feyr-Pley”in tələblərini pozduğu üçün ötən mövsüm avrokuboklardan kənarlaşdırılmışdı.