Bosniya və Herseqovina yığmasının yeni baş məşqçisinin adı yanvarın 4-də açıqlanacaq. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, iki namizəd – Robert Prosineçki və Amar Osim arasında gərgin mübarizə gedir.
Millimizin sabiq çalışdırıcısı Prosineçkinin bu posta gətirilmək ehtimalı elə də yüksək dəyərləndirilmir. Məsələ burasındadı ki, Bosniya və Herseqovina yığmasının futbolçuları, eləcə də ölkənin futbol ictimaiyyəti Osimin təyinatının tərəfdarıdı. Onların fikrincə, təcrübəli çalışdırıcı yerli olduğundan, Bosniya futbolu haqda daha çox informasiyaya sahibdi, oyunçuları Prosineçkidən yaxşı tanıyır. Medianın da Osimin tərəfində olduğu sezilir.
Lakin Bosniya və Herseqovina Futbol Federasiyasının İcraiyyə Komitəsində Prosineçkiyə dəstək olanlar da var. Bunlardan ən fəalı isə Mile Kovaçiçdi. O, yığmanın Prosineçkiyə həvalə edilməsinə çalışır. Məhz onun cəhdləri nəticəsində federasiya rəhbərliyinin bu gün Prosineçki ilə görüşəcəyi də yazılanlar sırasındadı.
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan yığmasından öncə “Srvena Zvezda” və “Kayseripor” klublarında da çalışıb.