Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, başa çatan 8 ayın yekunlarına əsasən tərtib olunan cədvəldə beynəlxalq oyunlarda vurulan qollar nəzərə alınıb.
Siyahıya ən azı 6 top vuranlar daxil edilib. 39 oyunçu milli komanda və qitə kuboklarında bu qədər fərqlənməyi bacarıb.
Cədvələ Portuqaliya yığmasında da, İspaniya “Real”ında da 10 qol vuran Kriştianu Ronaldo başçılıq edir.
2-ci sırada qərarlaşan Kim Yu Sonq Ronaldodan az qala 2 dəfə geri qalır. O, cəmi 11 qolla 2-ci pillədə qərarlaşıb. Asiyalı KXDR yığmasında 2, “Aprel 25”də 9 dəfə fərqlənib.
3-cü yerin sahibi isə dəyişib. Qvineyalı Seku Kamara qol sayını 9-a çatdırıb. O, iranlı Mehdi Taremə çatsa da, əlavə göstəricidə asiyalını arxada qoyub. Seku millidə 8, “Horoya”da 1 dəfə fərqlənib.
İFFHS-in cədvəlində Azərbaycan təmsilçiləri yer almayıb. Çünki nə yerli, nə də klublarımızda çıxış edən əcnəbilər bu qədər qol vurub. “Qarabağ”ın CAR-dan olan legioneri Dino Ndlovu Çempionlar Liqasında vurduğu 4 topla hələlik ən yaxşımızdı. Onu cədvələ düşməkdən cəmi 2 qol ayırır.