[b]İlk "qapazaltı" - “Səbail”[/b]
09.04.2018 - 11:00
[b]İlk "qapazaltı" - “Səbail”[/b]

Topaz Premyer Liqasında IV dövrəyə ötən həftəsonu keçirilən oyunlarla start verilib. Apasport.az saytının məlumatına görə, XXII turda üz-üzə gələn klublar cari mövsüm Premyer Liqada 4-cü dəfə qarşılaşıblar.

 

Bu tur qələbə qazanan yeganə komanda olan “Qarabağ” üçün “Səbail” debüt mövsümündəcə "qapazaltı"ya çevrilib. Belə ki, Riçard Almeydanın penaltidən vurduğu qol sayəsində son çempion bu mövsüm ardıcıl 4-cü dəfə paytaxt klubundan 3 xal “qoparıb” - 1:0.

 

İlk 3 dövrədə Samir Əliyevin kollektivini iki dəfə 1:0, bir dəfə isə 2:0 hesabı ilə üstələyən ağdamlılar yenə qol buraxmadan qalibiyyət sevinci yaşayıb. Bununla “Səbail” cari mövsüm rəqibinə 12 xal bəxş edən ilk komanda olub. Üstəlik, bu matçlarda debütant son illərin çempionunun qapısına yol tapa bilməyib.

 

Mövsümün qalan hissəsində daha 3 cütlükdə bu hal təkrarlana bilər. “Qarabağ”ın növbəti belə qurbanının “Kəpəz” olması istisna deyil. Gəncəlilərlə ilk 3 dövrədəki görüşlərdə qol buraxmadan qalib gələn (2:0, 2:0, 1:0) Qurban Qurbanovun yetirmələri növbəti turda səfərdə ənənəni davam etdirsə, “Kəpəz”i də “Səbail”in sırasına qoşacaq.

 

Autsayder “Kəpəz” eyni zamanda “Sumqayıt”a da 12 xal “qazandıra” bilər. Çünki əvvəlki dövrələrdə “gənclik şəhəri” təmsilçisi 2:1, 3:0 və 2:1 hesablı qələbələrə sevinib.

 

XXV turda isə “Neftçi” “Keşlə”yə eyni aqibəti yaşatmağa çalışacaq. Bu mövsüm paytaxt derbisindəki hər 3 qarşılaşmada “flaqman” rəqibinə xal verməyib (3:1, 2:0, 3:2).