[b]İntizam Komitəsi 5 futbolçuya cəza kəsdi[/b]
12.05.2015 - 13:10
[b]İntizam Komitəsi 5 futbolçuya cəza kəsdi[/b]

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, İK Topaz Premyer Liqasının XXXIII turunda keçirilən oyunlarda baş vermiş neqativ hallarla bağlı qərarını açıqlayıb.

 

Paytaxt derbisində “Neftçi” üzərində böyükhesablı (4:0) qəbələ qazanan “İnter” qarşıdakı turda əsas qapıçısı Səlahət Ağayevin xidmətindən məhrum qalacaq. Həmin qarşılaşmanın 65-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulan Ağayev 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

“Neftçi”dən isə yarımmüdafiəçi Mirhüseyn Seyidov cəzalanıb. Görüşün 90-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Seyidov 2 oyunluq cəzaya, klubu isə 2000 manat cəriməyə məruz qalıb.

 

Bundan əlavə, “Sumqayıt” – “Qəbələ” matçının 83-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan qovulan qonaqların müdafiəçisi Ruslan Tağızadə də 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

“Bakı” – AZAL oyununda kobudluqla yadda qalan meydan sahiblərinin iki üzvü də cəzadan canını qurtara bilməyib. 73-cü dəqiqədə müdafiəçi Vüqar Bəybalayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Qarşılaşmanın 90+2-ci dəqiqəsində isə yarımmüdafiəçi Mahir Mədətov kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə edilib.

 

Həmçinin “Xəzər Lənkəran” – “Qarabağ” matçından sonra baş məşqçisi Yunis Hüseynov mətbuat konfransında iştirak etmədiyinə görə, cənub klubu 1000 manat məbləğındə cərimə olunub.