I divizion komandası “Qaradağ Lökbatan” ciddi sanksiyalara məruz qalıb. Apasport.az saytının məlumatına görə, AFFA İntizam Komitəsi Lökbatan təmsilçisinin baş məşqçisi və prezidentini cəzalandırıb.
“Rəvan”la XXIV tur matçının 77-ci dəqiqəsində baş məşqçi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə, 1 oyun cəzalandırılıb. Həmçinin həmin dəqiqədə komanda prezident Tahir Mustafayevin göstərişi ilə meydançanı tərk edib. O, geniş kütlə qarşısında hakimlər briqadasını və hakimlər komitəsini təhqir etdiyinə görə 10 oyunluq stadiona girişinə qadağa qoyulub.
“Qaradağ Lökbatan” meydançanı özbaşına tərk etdiyi üçün də əlavə cərimələnib və bu hal yenidən təkrarlandığı təqdirdə, daha ağır cəza tətbiq ediləcək. Klub ümumilikdə 3200 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, “Rəvan” – “Qaradağ Lökbatan” oyununun 77-ci dəqiqəsində qonaqlar meydançanı tərk etsələr də, matçın hakim-inspektorunun təkidi ilə yenidən mübarizəni davam etdiriblər.