Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev AVRO-2016-nın seçmə mərhələsinin İtaliya ilə səfər oyununda yubiley matçını keçirir. Apasport.az saytının məlumatına görə, hazırda Palermo şəhərinin “Renso Barbera” stadionunda 0:0 hesabl heç-heçə ilə davam edən qarşılaşmada 28 yaşlı qolkiper yığma komandamızda 50-ci oyununa çıxıb.
İndiyədək keçirdiyi 49 matçda 72 top buraxan əlcək sahibi millidə 100-ü yarılayan ilk qapıçı kimi tarixə düşüb. Ağayev yığmamızda 50 və daha çox matç keçirən 12-ci oyunçu olub. İndiyədək 11 oyunçu bunu bacarıb.
2008-ci il sentyabrın 6-da Uelslə keçirilən DÇ-2010-nun seçmə oyununda ilk dəfə milli forması geyən Ağayev bütün matçlarını Berti Foqtsun rəhbərliyi altında keçirib. Məhz almaniyalının yığmaya gətirdiyi qolkiper “Xəzər Lənkəran”ın üzvü kimi 37 matç keçirib. 8 dəfə “Bakı”nın, 4 dəfə isə “Qəbələ”nin üzvü kimi meydana çıxan qapıçı 50-yə də sonuncuların oyunçusu kimi çatıb.