[b]Kamran Quliyevin “quş”u[/b]
11.05.2018 - 09:59
[b]Kamran Quliyevin “quş”u[/b]

Bütün problemlərin təməli fevralın 16-da “Neftçi”də baş verən prezident təyinatı ilə qoyuldu. Yanlış insanın yanlış zamanda bu posta gətirilməsi yeni-yeni özünə gələn klubda növbəti problemli mərhələyə yol açdı.

 

Kamran Quliyev Sumqayıtdan Bakıya gətiriləndə bu hadisələrin yaşanacağı hesablanmalı idi. Çünki Azərbaycan futbolunda vəzifəyə gələn vaxt itirmədən öz kadrlarını yan-yörəsinə yığır. Quliyev də bu prinsiplə işə başladı. Heç bir həftə keçməmiş Ceyhun Sultanovun təyinatı “dalğa”nın başlanğıcı idi. Növbə təbii ki, baş məşqçidə olacaqdı. Bütün bu proseslər Tərlan Əhmədovun əvəzlənəcəyinə işarə idi.

 

Mövsümün həlledici mərhələsində Quliyevin təyinatı, ardınca Sultanovun gəlişi baş məşqçi məsələsini avtomatik gündəmə gətirirdi. Yeni rəhbərliyin Samir Abasovu bu posta gətirmək üçün nə qədər dəridən-qabıqdan çıxdığını görməyən yox idi. Bunun baş verməsi üçün də bir yol var idi: Tərlan Əhmədova süni maneələr yaratmaq. Halbuki, neçə ildi “ölü” vəziyyətində olan “Neftçi”ni məhz yığmamızın sabiq kapitanı “diriltməyi” bacardı. Məhz baş məşqçinin sayəsində futbolçularda məğlubiyyət ruhu yerini qələbə ab-havasına verdi. Azərbaycanın ən köklü klubunun Sadıq Sadıqovun gedişindən bəri buna çox ehtiyacı var idi. Bakılılar nəinki özlərinə gəldi, hətta avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq səviyyəyə çatdı. Baş məşqçi 1 xalla qəbul etdiyi “Neftçi”ni sona 2 tur qalmış Avropa Liqası uğrunda yarışın favoritinə çevirib.

 

Buna məhəl qoymayan yeni rəhbərlik isə öz ssenarisini sürətləndirmək üçün müxtəlif yollara əl atır. Bəs mövsümün həlledici mərhələsində “Neftçi”nin uğursuzluğuna zəmin yaradan qərarlar hansılardı?

 

1. Gələr-gəlməz Ceyhun Sultanovu idman direktoru təyin etmək və bunu aləmə car çəkmək. Çünki bu təyinat baş məşqçi postunda da dəyişikliyə bir işarə idi. Halbuki Sultanovla razılaşıb, bunu heç kimə bildirməmək və mövsümün sonunu gözləmək olardı. Futbolçu axtarışlarını da heç kimin ruhu incimədən gizlin şəkildə yürütmək mümkün idi.

 

2. Yeni idman direktoruna baş məşqçinin işinə qarışmaq səlahiyyətləri və ya göstərişləri vermək. Bunun nəticəsində Ceyhun Sultanov baş məşqçinin gözü önündə məşqlərdə futbolçulara müxtəlif göstərişlər verməyə başladı, çalışdırıcıdan xəbərsiz iclaslar çağırmağa çalışdı. Bütün bunları təbii ki, prezidentdən icazəsiz edə bilməzdi. Baş məşqçi ilə idman direktoru arasındakı “soyuq müharibə” məhz bundan qaynaqlanır.

 

3. Yeni futbolçu axtarışını nümayişkaranə şəkildə etmək. Ölkə xaricinə işgüzar səyahətə çıxan idman direktoru bir neçə futbolçunu bəyənib. Sultanovun ölkələri gəzməsi və bəyənilən oyunçuların adlarının mətbuata sızdırılması da planın bir hissəsidi. Belədə komanda daxilində çaxnaşma yaranmalı, futbolçular təşvişə düşməli idi ki, plan müəyyən mənada özünü doğrultdu. Halbuki digər klublar kimi, transfer çalışmalarını gizlin şəkildə yürütmək daha məqsədəuyğun olardı.

 

4. Futbolçuların maaşlarının yarı-yarıya azaldılması şərti ilə yeni müqavilə təklifi. Mövsümün ən kritik vaxtlarıdı və bütün komanda Avropa Liqası uğrunda mübarizəyə köklənib. Quliyev bu addımla növbəti gərginliyə yol açdı. Bəzi oyunçular gələcək taleyini artıq müəyyənləşdirib. Maraqlıdı, mövsümün sonunda ayrılacağını qətiləşdirən futbolçu niyə komandasının Avropa Liqasına vəsiqəsini arzulasın, bunun üçün canını ortaya qoysun? Transfer axtarışının yayılması da heyətdəki futbolçulara mesaj idi: “Razılaşmasanız, yerinizə başqalarını gətirmək problem deyil”. Ancaq rəhbərlik bu prosesi mövsümün sonuna da saxlaya bilərdi.

 

Samir Abasov heç bir vəchlə “Neftçi”də çalışmağa razılıq vermədi, doğma komandası “Sumqayıt”da qalmağı üstün tutdu. Ancaq bu da yeni rəhbərliyi durdurmadı.

 

Kamran Quliyevin son hərəkəti isə prezidentlik postuna yaraşmayan, azarkeş mövqeyini ortaya qoyan addım idi. “Neftçi” fan-klubunun sosial şəbəkədə “Tərlan Əhmədov getsin, yoxsa qalsın?” sorğusunda “getsin”ə “quş” qoyan prezidentin bu hərəkətinə gülməmək mümkün deyil.  

 

Hər oturub-duranda “Tərlan Əhmədova mövsümün sonuna qədər dəstək verəcəyik” deyən prezidentin sözləri ilə əməlləri üst-üstə düşürmü? Bəlkə də, Quliyevin dəstək strategiyası bu cürdü: parçala və hökmranlıq et!

 

RƏVAN