Çinin "Tszyansu Sunin" klubundan qovulan Fabio Kapello karyerasını ölkəsində davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 72 yaşlı çalışdırıcının İtaliya millisinin "sükanı arxası"na keçəcəyi haqda məlumat yayılıb.
Təcrübəli mütəxəssis bundan öncə yığmanı çalışdırmağa razı olmamışdı. O, Çin təmsilçisində müqaviləsinin sonuna qədər işləmək niyyətində idi. Lakin qarşı tərəfin sözləşməyə xitam verməsi Kapellonun "Skuadra Adzurra"ya rəhbərlik etməsinə səbəb ola bilər. Hazırda tərəflər arasında danışıqların getdiyi bildirilir.
Qeyd edək ki, məşqçilik fəaliyyətində "Milan", "Real", "Roma", "Yuventus" kimi klubları çalışdırmış Fabio Kapello İngiltərə və Rusiya millilərində də işləyib.