[b]Karlos Kardosa: Özümü yormadım[/b]
30.11.2014 - 00:40
[b]Karlos Kardosa: Özümü yormadım[/b]

“Baş məşqçi müəyyən dəyişikliklərə əl atdı. O, bununla oyunu dəyişdirməyə çalışdı. Bu səbəbdən meydanda bir-birimizi başa düşməkdə çətinlik çəkirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Karlos Kardosa deyib.

 

Topaz Premyer Liqasının XIV turu çərçivəsində doğma meydanda “Qəbələ”ni qəbul edən “Neftçi” qapısını toxunulmaz saxlasa da, rəqibin müqavimətini də qıra bilmədi. Nəticədə paytaxt təmsilçisi növbəti xal itkisi ilə barışmalı oldu. Oyun haqda danışan “ağ-qaralar”ın müdafiəçisi meydandakı anlaşılmazlığın səbəbini də izah edib: “Təbii ki, 3 xal qazansaydıq, yaxşı olardı. Ancaq 90 dəqiqə başa çatıb və hər iki komanda 1 xalla kifayətlənib. Buna görə də uzun danışmağın mənası yoxdu. “Qarabağ”la oyunu düşünmək lazımdı, bu qarşılaşma bizim üçün çox vacibdi”.

 

Müdafiəçi “Xəzər Lənkəran”la matçda zədələnərək meydanı erkən tərk etsə də, bu dəfə 90 dəqiqə mübarizə apardı. Braziliyalı turlararası fasilədə zədəsini sağaltmaq üçün xeyli çalışdığını vurğulayıb: “Həmin vaxt oyunun başa çatmasına 3 dəqiqə qalırdı. Ayağımda ağrılar kəskinləşdiyindən, oyunu davam etdirə bilmədim. İndi də ağrı ilə oynayırdım. Çünki komandamın mənə ehtiyacı var idi. Turlararası müddətdə məşqlərdə özümü yormadım, bir növ zədəmi sağaltmaq üçün istirahət etdim. Yaxşı ki, bu gün 90 dəqiqə mübarizə aparmağı bacardım”.