[b]Kasilyas, Rəşad Sadıqov və başqaları[/b]
29.04.2015 - 13:02
[b]Kasilyas, Rəşad Sadıqov və başqaları[/b]

UEFA milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda qitəni təmsil edən 54 ölkənin yığmalarında daha çox matça çıxan 11 oyunçu yer alıb.

 

Avropa üçün mütləq rekord latviyalı Vitali Astafyevə məxsusdu. Onun hesabında 166 oyun var.

 

İker Kasilyas İspaniya millisində 161, Martin Reym Estoniya yığmasında 156 matça çıxıb. Almaniyalı Lotar Matteus 150, italiyalı Canluici Buffon 147, isveçli Anders Svensson 143 dəfə milli formasını geyib.

 

Lilian Türam (Fransa) və Marko Kristalın (Estoniya) hesabında 142 oyun var. Tomas Ravelli (İsveç) 140, Giorgios Karaqunis (Yunanistan) və Anatoli Timoşuk (Ukrayna) 139 qarşılaşmada ölkəsinin şərəfini qoruyub.

 

Siyahıda yer alan futbolçulardan üçü karyerasını davam etdirir. Bunlar Kasilyas, Buffon və Timoşukdu.

 

Qeyd edək ki, Azərbaycan yığmasında ən çox oyun keçirən futbolçu Rəşad Sadıqovdu. Yığmamızın kapitanının hesabında 95 matç var. Bu göstəricidə Aslan Kərimov (80), Mahir Şükürov (76), Tərlan Əhmədov və Mahmud Qurbanov (hər ikisi 75) da ilk “beşlik”də yer alıb.