[b]Kaxaber Sxadadze heyətdən gileyləndi[/b]
23.07.2014 - 18:48
[b]Kaxaber Sxadadze heyətdən gileyləndi[/b]

“Qarabağ”ı və azarkeşlərini dünənki qələbə münasibətiylə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.


Bu gün Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu olan “İnter” – “Elfsborq” matçı öncəsi mətbuat konfransı keçirilib. “Bankirlər”in baş məşqçisi Kaxaber Sxadadze qarşılaşma haqqında fikirlərini bildirib.

O, öncə ümumi fikirlərini açıqlayıb: “İlk oyunda inamlı çıxış etdik, yaxşı mübarizə apardıq və layiqli qələbə qazandıq. Növbəti mərhələyə çıxmaq üçün ilk dəfə yaxşı şansımız var. Sabahkı oyunda da səfərdəki kimi çıxış etsək, inanıram ki, növbəti mərhələyə keçən biz olacağıq. Evdə oynayacağımızdan burda da qələbə qazanmağa çalışacağıq. Aqressiv futbol göstərməliyik, rəqibə hücum qurmağa imkan verməməliyik. Öz oyunumuzu göstərməliyik. Sabah heyətdə böyük dəyişikliklər olmayacaq. Amma indidən konkret cavab verməyə tərəddüd edirəm”.

Gürcüstanlı mütəxəssis heyətdən də gileylənib: “Heyətimizdə futbolçu azdı, güclənməyə ehtiyacımız var. Güclənə bilməməyimizin səbəbini sizə izah etmək istəmirəm. Sabahkı oyun üçün məcburiyyətdən komandaya əvəzedici heyətdən 2 futbolçunu məşqlərimizə dəvət etmişik. Elvin Məmmədov yenə oynaya bilməyəcək”.

 

Sxadadze isveçlilərin sona kimi mübarizə aparacağını, bu üzdən hələ cütün taleyinin müəyyənləşmədiyini söyləyib: “Biz növbəti rəqibi qətiyyən düşünmürük. Çünki “Elfsborq” sona kimi oynayan komandadır. Amma Azərbaycan çempionatında rəqibə 3:0 qalib gələn kimi həmin komanda ruhdan düşür və daha mübarizə aparmır. “Elfsborq” isə belə deyil”.

0