“İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadze ilə yolları ayıran Gürcüstan yığmasının yeni çalışdırıcısı müəyyənləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, qonşularımız, gözlənildiyi kimi, Vladimir Vayssla anlaşıblar.
Gürcüstan Futbol Federasiyası slovakiyalı mütəxəssislə 2 illik müqavilə bağlayıb. Vayssın komandasının qarşısında 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində 3-cü yeri tutmaq tapşırığı qoyulub.
Son iş yeri Qazaxıstanın “Kayrat” klubu olan Vayssın yeni iş yerində məvacibinin Sxadadzenin maaşından az olacağı bildirilir.
Qeyd edək ki, Sxadadze Gürcüstan yığmasında aylıq 50 min dollar məvacib alırdı. Vayssın maaşının isə 40 min dollardan az olacağı açıqlanıb.