[b]Kazbek Tuayev: Sanki uşaq komandalarıdı, günahkar özləridi[/b]
16.05.2016 - 20:58
[b]Kazbek Tuayev: Sanki uşaq komandalarıdı, günahkar özləridi[/b]

“Açığı, “Xəzər Lənkəran” və “Rəvan”ın Premyer Liqanın növbəti mövsümü üçün lisenziya ala bilmədiklərini ilk dəfə sizdən eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Kazbek Tuayev deyib.

 

“Xəzər Lənkəran” və “Rəvan”, həmçinin I divizion klublarının lisenziya tələblərini yerinə yetirməməsi ilə bağlı danışan veteran futbolçu sərt fikirlər səsləndirib.

 

Tuayev həmin klubları, xüsusilə I divizion təmsilçilərini qeyri-peşəkarlıqda günahlandırıb: “Onlar çempionata başlayanda bilmirdilər ki, nə etməlidilər? “Zirə” ötən il Premyer Liqaya vəsiqə qazananda lisenziyanın bütün tələblərini yerinə yetirdi. Bəs niyə I diviziondan elitaya çıxmalı olan digər komandalar bu cür davranmırlar? Axı onlar bu barədə düşünməli idilər. Bu klubların prezidentləri, vitse-prezidentləri, lisenziya məsələsinə cavabdeh olan işçiləri var. Belə olan halda, necə olur ki, lisenziya tələblərini yerinə yetirə bilmirlər? Belə olmaz”.

 

İK rəsmisi klubların lisenziya tələblərini yerinə yetirmək üçün onlara verilən 14 gün ərzində nəsə edəcəklərinə inanmır: “UEFA və FİFA hansı tələbləri qoyursa, klublarımız onları yerinə yetirməlidirlər. Vəssalam. Əgər yerinə yetirsələr, hər şey yaxşı olacaq, heç bir sual yaranmayacaq. Günahkar özləridi. İnsanlar pul xərcləyirlər, can yandırırlar, əgər lisenziya tələblərini bilmirlərsə, başqa nədən söhbət gedə bilər? Axı bu problemi vaxtında həll edə bilərdilər. 1 il ərzində lisenziya tələblərini yerinə yetirə bilməyən klublar onlara verilən əlavə vaxtda nə edəcəklər? Məgər onlar mövsüm ərzində oyunlar keçirəndə bunu bilmirdilər? Sanki uşaq komandalarıdı, bu cür olmaz. Çempionatda 8 və ya 10 komandanın çıxış edəcəyi hələ qərara alınmayıb. Bu məsələ yaxın gələcəkdə dəqiqləşəcək. Yaşayıb, görərik”.

 

 

 

0