“Liverpul”un baş məşqçisi Yurgen Kloppun köməkçisi Jelko Buvaç “Arsenal”ı çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Pravdabl” xəbər yayıb.
Portalı iddia edir ki, 56 yaşlı mütəxəssis baş məşqçilik karyerasına başlamaq niyyətindədi və elə bu səbəbdən də Yurgen Kloppla iş birliyinə son qoyub.
“Liverpul” tərəfindən yayımlanan son bəyanatda Buvaçın şəxsi səbəblərdən mövsümün sonuna qədər komanda ilə birgə olmayacağı, yeni mövsümdən etibarən isə işinin başına dönəcəyi bildirilmişdi. “Pravdabl”a görə isə bu bəyanat həqiqətə uyğun deyil və Buvaç “Arsenal”la müqavilə şərtlərini artıq razılaşdırıb.
Qeyd edək ki, 2015-ci ilin oktyabrında Kloppla Buvaçın “Liverpul”da çalışacağına dair ilk məlumatı məhz “Pravdabl” yaymışdı.