[b]Konfederasiyalar Kuboku: Finalçılar müəyyənləşir[/b]
27.06.2017 - 13:23
[b]Konfederasiyalar Kuboku: Finalçılar müəyyənləşir[/b]

FİFA Konfederasiyalar Kuboku-2017-də yarımfinal mərhələsinə start verilir. Apasport.az saytının məlumatına görə, sabah ilk finalçının adına aydınlıq gələcək.

 

Portuqaliya yığması həlledici matça yüksəlmək üçün Çili ilə üz-üzə gələcək. Rusiyaya ideal heyətlə yollanan komandalar turnirin əsas favoritləri hesab edilirdilər. A qrupunda mübarizə aparan Kriştianu Ronaldolu Portuqaliya ilk görüşdə Meksika ilə qollu bərabərə (2:2) qaldıqdan sonra Rusiya (1:0) və Yeni Zelandiya (4:0) üzərində qələbə qazanaraq, yarımfinala lider kimi adlayıb.

 

Çili isə B qrupunu ikinci pillədə başa vurub. Cənubi Amerika təmsilçisi Almaniya və Avstraliya ilə (1:1) heç-heçə və Kamerun üzərində (2:0) qalibiyyət sayəsində yoluna davam edib.

 

İyunun 29-da isə digər yarımfinal qarşılaşması oynanılacaq. Son dünya çempionu Almaniya millisi Meksikanı sınağa çəkəcək. Bundestim turnirə ikinci heyətlə yollandığından, heç də cütlüyün aşkar favoriti sayılmır.

 

Düzdü, Yoahim Lövün yetirmələri qrupda Avstraliya (3:2) və Kamerun (3:1) üzərində qələbə qazanıb, Çili ilə (1:1) bərabərə qalıb. Ancaq Meksika da A qrupunda eyni göstəriciyə imza atıb (Portuqaliya – 2:2, Yeni Zelandiya – 2:1, Rusiya – 2:1).

 

 

FİFA Konfederasiyalar Kuboku-2017

Yarımfinal

 

28 iyun

22:00. Portuqaliya – Çili

Baş hakim: Alireza Faqani (İran)

Kazan. “Kazan Arena”

 

29 iyun

22:00. Almaniya – Meksika

Soçi. “Fişt” stadionu