Topaz Premyer Liqasının XXVI turunda AZAL-ı qəbul edəcək “Zirə” matçın hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, komandanın aparıcı oyunçularından olan Yovan Krnetanın dönüşü məhz bu görüşdə baş tutacaq.
Bir müddətdi komandasına kömək edə bilməyən serbiyalı müdafiəçi zədəsini tam sağaldıb. Həkimlər məşqlərdə tam gücü ilə iştirak edə bilən 23 yaşlı futbolçunun “təyyarəçilər”lə görüşə hazır olduğunu bildiriblər. Qısası, baş məşqçi Adil Şükürov həftəsonu Krnetanın xidmətindən yararlana biləcək.
“Zirə”nin digər legioneri Dieqo Souzanın durumu isə hələ də ürəkaçan deyil. Braziliyalı yarımmüdafiəçi məşqlərə qatılsa da, ayağında ağrılar hiss edir. Məhz bu səbəbdən məşqçilər korpusu onu meydana buraxmağın riskli olduğunu düşünür. Həkimlər fikrincə, Souza bu vəziyyətdə oynasa, zədəsi ağırlaşa bilər. Onun tam olaraq, 7-10 günə sıraya dönəcəyi bildirilir.
Qeyd edək ki, “Zirə” – AZAL qarşılaşması martın 20-də keçiriləcək.