Əhsən, bravo. Hər şey planlı şəkildə öz həllini tapdı. Əslində, alqışlanası haldı. İllərdi idman mediası bir “çətir” alıtında birləşməyi bacarmasa da, AFFA bu yükün altına öz “çiynini” vermiş oldu. Ağılla, təmkinlə və planla...
Əvvəla, başlayaq tədbirin adından. “AFFA - elektron idman KİV-i: dəyirmi masa”. Tədbirin ad seçimi hələ də mənə qaranlıq qalır. Söhbət elektron KİV-dən gedirsə, artıq nifaq toxumunun səpildiyinin şahidi olursan. Deməli, illərdi Azərbaycan idman mediasında qəzetçilik edən, kimsə saytı üçün “copy-paste” edəndə yuxusuna haram qatıb qəzet çap edənlərin aqibəti necə olmalıdı? Bilirəm, o dəqiqə mənə Mahir Rüstəmli və İlqar Tağıyevin Media Komitəsində təmsil olunduğunu deyəcəksiz. Düşünürəm ki, hər iki şəxs rəhbərlik etdikləri qəzet yox, məhz elə idman mediasındakı sanballarına görə orda təmsil olunmağa layiq idilər. Həmçinin Mahir bəyin rəhbərlik etdiyi “Futbol+” qəzetinin elektron versiyası da var və şəxsən özüm çox vaxt ordan maraqlı məlumatlar əldə edirəm. Həmçinin “Komanda.az”ın baş redaktoru Rəşad Ergünün imtinasından sonrakı səs vermədə komitəyə üzv seçilən İlqar Tağıyevin ardınca danışanda, “onun saytı yoxdu, o niyə seçildi?” deyənlər, həftəbaşı İlqarın qəzetində verdiyi araşdırma yazılarını, müsahibələrini saytınıza yerləşdirəndə yaxşı idi, indi pis? Sizə belə maraqlı idisə, məhz elə o sualı Elxan Məmmədova, Mikayıl Nərimanoğluna elə o tədbirdə ünvanlayardız ki, qəzetlər niyə kənarda qalıb? Bəlkə bax, məhz elə belə şeylərə görə illərdi idman mediası birləşə bilmədi.
Mətbuat Komitəsi haqqında yazılası şeylər çoxdu, amma indiki zamanda hamı səbrlə prosesi izləməkdədi. Məncə, Mətbuat Komitəsinə seçilənlər heç də zəif kadrlar deyil və idman mediası üçün hər zaman inqilab edə biləcək gücdə, əzmdə, qabiliyyətdədilər. Onlar bu dəqiqə AFFA və idman mediası arasında əsl kürəkən rolunu oynamalıdılar...
Yaşlı bir kişinin üç oğlu və bir qızı olur. Bu üç oğul hər zaman atalarına irad tuturmuşlar ki, bacımızın ərini - kürəkəni bizdən çox istəyirsən. Bir gün kişi üç oğlunu və kürəkəni çağırır yanına. Bir az söhbətdən sonra qızını çağırır. Qızına qayıdır ki, “qızım, indi sən burda lüt soyunmalısan. Amma elə et ki, heç kim sənin lüt bədənini görməsin”. Qız bir anlıq duruxur, atasına yalvarır ki, bunu etməsin. Amma ağsaqqal sözündən dönmür. Əlacsız qalan qız ərinin arxasında gizlənib soyunur və onun lüt bədənini nə atası, nə qardaşları, nə də əri görmür. Sonra ağsaqqal oğlanlarını çağırıb deyir ki, “gördüz, bacınız ərinin arxasında durub soyundu. Sizdən abır-həya etdi, ərinə güvəndi, onun arxasında soyundu”.
Həəə, indi bildiz ki, Mətbuat Komitəsi niyə kürəkən rolunu ifa edir? Heç nə demirəm, sadəcə Mətbuat Komitəsində təmsil olunan dostlara, həmkarlara dözüm, səbr arzulayıram. İdman mediasının əsl kürəkəni olmaq arzusu ilə...
Emin Tarverdiyev / komanda.az
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”