[b]Legionerlər yerlilərə qarşı: Kim daha çox qol vurub?[/b]
27.10.2014 - 14:31
[b]Legionerlər yerlilərə qarşı: Kim daha çox qol vurub?[/b]

Topaz Premyer Liqasının I dövrəsi başa çatıb. Apasport.az saytının məlumatına görə, mövsümün ilk 1/4 hissəsində baş tutmalı olan 45 qarşılaşmadan 2-si keçirilməyib, birinin nəticəsi ləğv olunub. Keçirilən 42 qarşılaşmada 103 qol vurulub. Çempionatın orta məhsuldarlığı 2,45-ə bərabərdir.

 

Premyer Liqanın ən məhsuldar klubu “İnter” 20, qol sevincini unutmaqda olan “Neftçi” cəmi 6 dəfə rəqib qapısına yol tapıb.

 

Çempionatın bombardiri Rəşad Eyyubov təkbaşına “Neftçi” qədər – 6 qol vurub.

 

Vurulan 103 topdan 2-si avtoqoldur. Digər 101 qola 57 oyunçu imza atıb. “İnter”in 10 üzvü fərqlənib. “Neftçi”. “Bakı”, “Sumqayıt” və “Araz-Naxçıvan”da isə cəmi 4 qol vura bilən oyunçu var.

 

Azərbaycan çempionatı legionerlərin üstünlüyü ilə keçir. 101 qoldan 49-nu yerli, 52-ni əcnəbilər vurub. Yerlilərin qollarından 5-i də milliləşən legionerlərin hesabındadır. Bunu da nəzərə alsaq, gəlmələr 52:49, deyil, 57:44 hesabı ilə öndə olar.

 

Qol sevinci yaşayanlardan 27-si yerli, 30-u əcnəbidir. Legionerlər arasında Braziliya xüsusi çəkiyə malikdir. Bu ölkədən 7 futbolçu 11 qola sevinib. Milliləşənləri saymamaqla 16 ölkə təmsilçisi Premyer Liqada qol vurmağı bacarıb.