“Xəzər Lənkəran” və “Qarabağ” azarkeşləri arasında heç bir qalmaqal baş verməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi Topaz Premyer Liqasının XXXIII turunun “Qarabağ”la ev oyununda baş verənlərə münasibət bildirib.
Cəbrayıloğlu 1:1 hesabı ilə başa çatan qarşılaşma zamanı iki komandanın fanatları arasında xoşagəlməz halın yaşanması haqda yayılan şayiələrin həqiqətdən uzaq olduğunu qeyd edib: “İki klubun azarkeşləri 90 dəqiqə boyu komandalarını dəstəkləyib. Onlar arasında heç bir gərginlik yaşanmayıb. Matçdan sonra “Qarabağ”dan olan həmkarım Nurlan İbrahimovla birlikdə Ağdam təmsilçisinin azarkeşləri ilə söhbət etdik. Onlar da bildirdilər ki, iki klubun fanatları arasında problem yaranmayıb. Yalnız azarkeşlərlə Lənkəran stadionunda olan polislər arasında kiçik anlaşılmazlıq baş verib”.