Karyerasını “Melburn Viktori” klubunda davam etdirən “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leroy Corc Avstraliya mətbuatına açıqlama verib. Apasport.az saytı xəbər verir ki, Avstraliya A-Liqasında finala çıxmalarını dəyərləndirən hollandiyalı futbolçu Ağdam klubundakı çıxışını da yada salıb.
Belə ki, “Nyukasl Jets”lə həlledici qarşılaşma öncəsi karyerasının ən önəmli qarşılaşmalara toxunan 31 yaşlı hücumameylli oyunçu “Qarabağ”ın heyətində 2014-15 mövsümündə “İnter”lə İtaliyada keçirdikləri matçın onun üçün xüsusi olduğunu vurğulayıb: “Qarabağ”da olarkən “İnter”lə “San Siro”da qarşılaşmışdıq. Milan klubunun heyətində güclü futbolçular çıxış edirdi. Həmin görüşdə məğlub olsaq (0:2) da, komandam yaxşı mübarizə aparmışdı. Mən də yaxşı çıxış etmişdim. Nəticə ürəyimizcə olmamışdı. Bu, xatirəmdə unudulmaz matç kimi qalacaq”.
Hollandiyada keçirdiyi illəri də xatırlayan Corc “Nyukasl Jets”lə mayın 5-də keçiriləcək final oyununda qələbəni hədəflədiklərini deyib.
Qeyd edək ki, 2013-2015-ci illərdə karyerasını ölkəmizdə davam etdirmiş Leroy Corc “Qarabağ”ın heyətində 2 dəfə Azərbaycan çempionu (2013-14, 2014-15) olub, 1 dəfə isə ölkə kubokunu (2014-15) qazanıb.