Sabah Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutacaq “Barselona” – “Atletiko” oyunu öncəsi hər iki komandanın da şərəfini qorumuş Arda Turan medianın diqqət mərkəzindədi. Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlində madrid klubunu Kataloniyaya dəyişən türk futbolçu haqqında jurnalistlərin suallarını hər iki komandanın baş məşqçisi məmnuniyyətlə cavablandırıb.
Meydan sahiblərinin çalışdırıcısı Luis Enrike Arda üçün çox sevindiyini və oyunçunun komandaya tez uyğunlaşçdığını qeyd edib: “Arda üçün həqiqətən çox sevinirəm. O, gözləmədiyimiz qədər tez zamanda komandaya adaptasiya olmağı bacardı”.
Türk yarımmüdafiəçinin sabiq klubu “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone də ondan rəğbətlə bəhs edib: “Biz həqiqətən də Ardanı çox təqdir edirik. O, bizimlə olduğu vaxt komanda üçün bütün ürəyini ortaya qoyurdu”.