[b]Luis Suares Azərbaycan millisini xatırlatdı[/b]
07.11.2016 - 16:06
[b]Luis Suares Azərbaycan millisini xatırlatdı[/b]

“Barselona”nın hücumçusu Luis Suares İspaniya La Liqasının XI turunda “Sevilya” ilə səfər matçında sarı vərəqə alaraq, cəzalı duruma düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uruqvaylı forvard bunu qəsdən etdiyini boynuna alıb.

 

Suares görüşdən sonra açıqlamasında artıq ağır qarşılaşmalara daha rahat hazırlaşacağını bildirib: “Belə bir vəziyyətdə sarı vərəqə almağım yaxşı oldu. İndi “Real Sosyedad” və “Real”la çətin qarşılaşmalara daha rahat çıxacam və mübarizə aparmaqdan çəkinməyəcəm”.

 

Suaresin bu hərəkəti məşhur “skysports.com” saytına Devid Bekhemin Azərbaycan millisi ilə görüş öncəsi aldığı vərəqəni xatırladıb. Belə ki, AÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Uelslə III tur matçında qəsdən sarı vərəqə alan Devid Bekhem cəzalı duruma düşmüş və İngiltərə yığması ilə Bakıya gəlməkdən canını qurtarmışdı.

 

Bekhem bu addımı Azərbaycan millisi ilə görüşdə zədələnməkdən ehtiyatlandığı üçün atmışdı. Adalılar həmin vaxt Maykl Ouenin yeganə qolu sayəsində qalib gəlmişdilər.

 

Həmçinin, 2012-13 mövsümündə “Real”ın futbolçuları Serxio Ramos və Xabi Alonso da eyni üsuldan yararlanmışdılar. Çempionlar Liqasının 1/4 final mərhələsində “kral klubu”nun “Qalatasaray” üzərində 3:0 hesabı ilə qələbə qazandığı ilk oyunun sonlarında adıçəkilən futbolçular qəsdən sarı vərəqə alaraq, cəzalı duruma düşmüşdülər. “Real” Türkiyədə 2:3 hesabı ilə yenilsə də, yarımfinala adlamış və Ramosla Alonso da “Borussiya” (Dortmund) ilə qarşılaşmalarda iştirak etmişdilər.

 

Qeyd edək ki, Luis Suares növbəti turda “Nou Kamp”da keçiriləcək “Barselona” - “Malaqa” oyununu buraxacaq.