“Alqışlara görə minnətdaram. Sizə gələcək oyunlarda uğurlar arzulayıram”. Apasport.az saytının xəbərinə görə, bunu Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev deyib.
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz üzərində 2:1 hesablı qələbə qazanan Bolqarıstan millisinin çalışdırıcısı Foqts haqda maraqlı fikirlər səsləndirib: “Nəticə olmadığı təqdirdə, baş məşqçi istefaya getməlidir. Amma gəlin, bu oyun haqqında danışaq. Azərbaycan yığmasının necə oynadığını bilirdim. Bizim məqsədimiz məhz 2 qol vurmaq deyildi. Biz qələbə qazanmaq üçün yaxşı şanslar yaratmalı idik. Bunu da bacardıq”.
Millimizin Rusiya ilə yoldaşlıq görüşünü izlədiyini deyən Penev indiki ilə o matç arasında fərqlər olduğunu söyləyib: “Rusiya ilə oyunda zəif cəhətlərinizi özümdə qeyd etmişdim. İndi meydançanın durumu yaxşı deyildi. Sevinirəm ki, ilk oyunda 3 xal qazandıq. Bu, çox vacib idi. Bu gün güclü idik. Ona görə qalib gəldik. Amma heç-heçəyə də razı idim. Zədəli oyunçuların olmağına baxmayaraq, biz qələbə qazandıq. 2 ildir ki, bu komandadayam. Sevinirəm ki, yetirmələrim mənim tapşırıqlarımı icra edə bilir. Dmitri Nazarovun İliyan Mitsanskiyə milliniz haqqında məlumat verməsinə isə inanmıram. Ola bilər ki, onlar öz aralarında danışıblar. Amma bizə belə informasiya daxil olmayıb.".