[b]Mahir Mədətov: ...kiminsə uydurmasıdı[/b]
28.09.2017 - 00:00
[b]Mahir Mədətov: ...kiminsə uydurmasıdı[/b]

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci oyununu keçirən “Qarabağ” yenə məğlub olub. Matçdan sonra təmsilçimizin hücumçusu Mahir Mədətov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı təəssüratlarınız necədi?

- Hər şey gözünüzün qabağında baş verdi. Evdə oynadığımız hiss olunurdu. Rəqibdən qorxmadıq, çəkinmədik. Deməzdim ki, onlar bizdən dəfələrlə üstün idilər. Xeyr, bir-iki epizod oldu ki, səhvə yol verdik və rəqib qol vurdu. Biz də əlimizdən gələni etdik ki, nəticəni xeyrimizə çevirək. Bunun üçün imkanlarımız da oldu.

 

- Öz oyununuzdan necə, razı qaldınız?

- Bilin ki, öz oyunumdan heç vaxt razı qalmamışam. Razı qalmağım da düzgün deyil.

 

- Oyundan əvvəl “Roma” tərəfinin həm də sənin oyununu izləyəcəyi məlum idi. Bu amil çıxışına necə təsir etdi?

- “Qarabağ”ın futbolçusuyam və komandama necə faydalı ola bilərəm, onun yollarını düşünürəm. Ola bilsin, bu kiminsə uydurması və ya şaiyəsidi…

 

- Xeyr, bunu “Roma” klubunun rəsmisi açıqlamasında deyib...

- O deməmişdi maraqlanırıq, demişdi ki, izləmək maraqlı olardı.

 

- İzlənilənlər sırasında idiniz…

- Bu haqda düşünməmişəm. Meydana çıxmışamsa, komandama kömək etməliyəm.

 

- Bəs meydanda rəqib futbolçu ilə niyə mübahisə edirdiniz?

- Söyüş söydü və dedi ki, topa oyna, mənə deyil. Sonra xırda narazılıq yaşandı. Baş məşqçi bununla bağlı heç nə demədi.

 

- “Qarabağ” Bakı Olimpiya Stadionunda ilk dəfə oynayırdı. Tofiq Bəhramov adına Respublika stadionu ilə müqayisədə fərq hiss olunurdumu?

- “Tofiq Bəhramov” bizə daha doğma, yaxındı. Burda ilk dəfə çıxış edirdik.

 

- Doğmalıq nədə hiss olunur? Halbuki bu gün sizi daha çox azarkeş dəstəkləyirdi…

- Atmosferdən tutmuş ot örtüyünə qədər fərq var. Deməzdim narahatdı, sadəcə ora öyrəşmişik. Neçə ildi avrokubok oyunlarımızı həmin stadionda keçiririk. Azarkeş sayına gəldikə, bugünkü yaxşı çıxışımızda onların da payı danılmazdı.

0