[b]Mahir Şükürov “Karşıyaka”da nə qədər oynadı?[/b]
15.04.2015 - 14:23
[b]Mahir Şükürov “Karşıyaka”da nə qədər oynadı?[/b]

Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun “Karşıyaka” karyerası 20 oyundan ibarət olub. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi yollarını ayırdığı Türkiyənin I liqa təmsilçisində 19 çempionat, 1 kubok görüşündə meydana çıxıb.

 

2014-cü ilin yayında transfer olunduğu klubda avqustun 31-də debüt edən Mahir “Antalyaspor”la qarşılaşmada (1:1) 90 dəqiqə forma geyib. Elə ilk matçında sarı vərəqə ilə cəzalanan futbolçumuz qonşu ölkədə 9 dəfə xəbərdarlıq alıb.

 

Ötən il oktyabrın 25-də “Manisaspor”la səfər oyununda (2:1) qol hesabını açan Şükürov “Karşıyaka”dan 2 qolla ayrılıb. Müdafiəçi bu il fevralın 13-də “Osmanlıspor”la ev qarşılaşmasında (1:1) da fərqlənib.

 

I liqadakı 19 matçın 18-də start heyətində yer alan müdafiəçi 17 qarşılaşmada əvəzolunmaz olub. O, burada 1617 dəqiqə forma geyib. Martın 22-də “Samsunspor”la (0:4) səfər oyunu isə Mahir üçün sonuncu olub. Bu matçda sarı vərəqə görən müdafiəçi 90 dəqiqə forma geyib.

 

Həmyerlimizin Türkiyə kubokundakı yeganə oyunu isə ötən il sentyabrın 24-nə təsadüf edib. Həmin vaxt Mahir “Altay”la görüşdə (1:1) 120 dəqiqə meydanda olub. Müdafiəçi 3:4 hesabı ilə uduzduqları penalti seriyasında 11 metrlik cərimə zərbəsindən də yararlanıb.