Türkiyə PTT I Liqasında VII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son matçında "Neftçi"dən icarəyə götürülən Cavid İmamverdiyevin komandası "Elazığspor" səfərdə Xəzər Lənkəran"ın sabiq futbolçusu Mbilla Etamenin formasını geyindiyi "Samsunspor"la qarşılaşıb.
Qarşılaşmada hərəyə 1 dəfə fərqlənən tərəflər sülhə razılaşıb - 1:1. Meydana start heyətində çıxan İmamverdiyev 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb və fasilədən sonra əvəzlənib. Mbilla isə 90-cı dəqiqədə yerini Mayhosa verib.
Xatırladaq ki, bu qarşılaşmanı Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov da izləyib.
Qeyd edək ki, 5-ci dəqiqədə "Elazığspor" hesabı açdıqdan sonra İmamverdiyev və komanda yoldaşları ötən gün Hakkaridə silahlı hücum zamanı şəhid olan 3 türk əsgərini hərbi salamla anıblar.