“Krasnodar” rəhbərliyinin diqqətini Azərbaycan çempionatında, “Qəbələ”nin heyətində çəkməyim məni təəccübləndirdi. Bu kluba keçidimdə başqa diqqətçəkən məqam görmürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq futbolçusu Marat İzmaylov deyib.
Moskvanın “Lokomotiv” klubundakı çıxışları ilə tanınan yarımmüdafiəçi karyerasında ilk dəfə “dəmiryolçular”a qarşı oynayacaq.
Ötən mövsüm Azərbaycanda “Qəbələ”nin şərəfəni qoruyub, 2014-cü ilin yayında “Krasnodar”a keçən İzmaylov yetirməsi olduğu kluba qarşı ilk oyun öncəsi ətraflı müsahibə verib. Marat ölkəmizə uyğunlaşması haqda da qısa danışıb: “Xeyli müddət Portuqaliyada oynadıqdan sonra Rusiyaya qayıdıb, komanda yoldaşları ilə dil tapmaq həqiqətən də çətin olmadı. Ümumiyyətlə, harada oynamağımdan asılı olmayaraq, heç vaxt çətinliklə üzləşməmişəm. İstər “Qəbələ”, istər “Sportinq”, istər “Porto” olsun. Həm komanda yoldaşlarımla münasibətlərdə, həm də məişət məsələlərində çətinliyim olmayıb”.
Qeyd edək ki, Marat 2013/14 mövsümünün ikinci yarısında çıxış etdiyi “Qəbələ”nin heyətində Topaz Premyer Liqasında 14 oyunda 1 qol vurub. Ölkə çempionatının bürünc mükafatçısı olan rusiyalı kubokun finalında da iştirak edib.