AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqası və I divizionda yaşanan xoşagəlməz hallara baxılıb. Apasport.az saytının məlumatına görə, komitə bəzi oyunçuların aqressiv hərəkətlərinə hüquqi qiymət verib.
“Gənclik”lə qarşılaşmada “Neftçala”nın futbolçusu Şamil Abdullayev, “Ümid Masallı” ilə görüşdə “Şağan”in futbolçusu Rafiq Salayev rəqibi təhqir etdikləri üçün hərəsi 3 oyun cəzalanıb. “Səhliyalı”ilə oyunda aqressiv davranış nümayiş etdirən “Şahdağ”ın üzvü Yusif Yusifzadə növbəti 4 görüşdə “istirahət” edəcək.
“Tufan”la matçda qırmızı vərəqə alan “Şıxlar”ın futbolçuları daha sərt cəzalara məruz qalıblar. Aqressiv davranışı ilə fərqlənən Emin Şabıyev 4, aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərən Mərfət Qəniyev 10 oyun cəzalanıb.
Region Liqasındakı aqressivlik I diviziondan da yan ötməyib. Premyer Liqaya vəsiqəyə iddialı “Xəzər”in futbolçusu Tanrıverdi Məhərrəmli MOİK-lə görüşdəki davranışı üçün cəzalanıb. O, təhqiredici ifadələr işlətdiyinə görə 3 oyunluq kənarlaşdırılıb və paytaxt klubunu 160 manat ziyana salıb.