Peru yığmasının kapitanı Xose Paolo Gerreronun dopinq yoxlamaları ilə bağlı şikayətinə daha sonra baxılacaq. Apasport.az saytının “SILA Internationals Lawyers”ə istinadən məlumatına görə, hücumçu Peru millisinin heyətində dünya çempionatına yollana bilər.
Ötən il dekabrında dopinq yoxlamaları nəticəsində futbolçunun qanında kokain aşkarlanmışdı. Nəticədə, FIFA Gerreronu bir il müddətinə diskvalifikasiya ilə cəzalandırmışdı. Onun apellyasiya müraciətindən sonra isə cəza 6 aya qədər azaldılmışdı. Ardından Dünya Antidopinq Təşkilatının İdman üzrə Arbitrasiya Məhkəməsinə müraciəti əsasında diskvalifikasiya müddəti bu səfər 14 aya qədər uzadılmışdı.
Lakin Gerreronun işi bununla da bitməyib. İsveçrə Federal Məhkəməsi 34 yaşlı oyunçunun şikayətinə tam baxılana qədər diskvalifikasiyanın etibarsız olduğuna dair qərar qəbul edib. Yekun qərar daha sonra veriləcək. Bu səbəbdən, artıq Gerreronun Rusiyada keçiriləcək dünya çempionatında iştirakı üçün heç bir maneə qalmayıb.