Lionel Messi 2015-ci ilin də ən yaxşı futbolçusu seçildi. Bununla o, 5-ci dəfə “Qızıl top” mükafatına layiq görüldü.
Ancaq hələ də onun nəinki bütün dövrlərin, heç müasir dövrün ən yaxşı futbolçusu olmadığını iddia edənlər var. Hər hansı bir şəxsi insan kimi bəyənməmək olar. Hətta ondan zəhlən gedə də bilər. Amma bu, onun ən yaxşı olduğu həqiqətini dəyişməz.
Amma Messini futbolçu saymayanları da qınamıram. Onlar da fərqli prizmadan baxdıqda haqlıdılar. Niyə? Çünki...
Cəmi 5-cə dəfə “Qızıl top”u qazanıb...
...Belə futbolçu olmaz
12 illik peşəkar karyerası ərzində 8-cə dəfə “Qızıl top” uğrunda yarışın ilk “3-lüy”ündə olub...
... Amma futbolçu deyil.
7-cə dəfə ölkə çempionu olub...
... Futbolçu deyil.
6-ca dəfə İspaniya Superkubokunun, 3-cə dəfə Kral Kubokunun qalibi olub...
... Futbolçu deyil.
4-cə dəfə Çempionlar Liqasını qazanıb...
... Futbolçu deyil.
3-cə dəfə Avropa Superkubokunun, 3-cə dəfə Klublararası Dünya Kubokunun sahibi olub...
... Futbolçu deyil.
Gənclər arasında dünya çempionu, böyüklər arasında dünya ikincisi olub...
... Futbolçu deyil.
2007-ci ildən bəri hər il simvolik komandaya düşür...
... Futbolçu deyil.
2008-ci ildən hər mövsüm Çempionlar Liqasının simvolik komandasına düşür...
... Futbolçu deyil.
3-cə dəfə La Liqanın bombardiri, 2-cə dəfə assist “kralı” olub...
... Futbolçu deyil.
5-cə dəfə Çempionlar Liqasının bombardiri, 2-cə dəfə assist “kralı” olub...
... Futbolçu deyil.
Bir mövsümdə 73 qol vuraraq rekord qırıb...
... Futbolçu deyil.
Saysız-hesabsız bir neçə rekorda imza atıb, atmaqda da davam edir...
... Futbolçu deyil.
Həqiqətən də, belə futbolçu olmaz. Biz özümüzünkülərə futbolçu deyiriksə, bu qədər titul sahibi olan birinə də bu adla səslənmək necə doğru ola bilər? Türkiyəlilər demiş: Futbolçu ötesi.
Ruslan SADIQOV