Türkiyə TFF 1-ci Liqasında mövsümün sonuncu turu davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın forma geyindiyi “Samsunspor” da son matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ümraniyyəspor”la üz-üzə gəlib. Samsunlular oyundan 3:3 hesablı bərabərliklə ayrılıb.
Uzun müddət idi zədədən əziyyət çəkən millimizin üzvü Ufuk bu oyunda da meydana çıxmayıb. O, oynamayacağını bildiyi üçün görüşdən öncə Almaniyaya yollanmışdı. Türkiyə mətbuatı onun Samsun klubundan birdəfəlik ayrıldığını iddia edir.
Qeyd edək ki, “Samsunspor” mövsümü 36 xalla 18 klub arasında 16-cı pillədə başa vurub. Nəticədə, TFF 1-ci liqanı tərk edən sonuncu klub da məhz futbolçumuzun komandası olub. Daha öncə “Manisaspor” və “Qaziantepspor” da TFF 2-ci liqaya düşmüşdü.