[b]Millimiz Danimarkaya yollanır[/b]
12.05.2015 - 15:06
[b]Millimiz Danimarkaya yollanır[/b]

İyunda Avstriyada təlim-məşq toplanışı keçmək planı alınmayan 21 yaşadək futbolçulardan ibarət yığmamız fərqli ölkəyə yollana bilər. Apasport.az saytının məlumatına görə, gənclər millimiz toplanış üçün böyük ehtimalla, Danimarkanı məkan seçəcək.

 

U-21-in baş məşqçisi Yaşar Vahabzadə saytımıza açıqlamasında bu məlumatı təsdiqləyib. O bildirib ki, Danimarkanı seçmələrinin xüsusi səbəbi var: “Hazırda danışıqlar gedir. Toplanışın Danimarkada baş tutmaq ehtimalı çoxdu. Bilirsiz ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində gələn ay Farer adaları ilə qarşılaşacağıq. Maraqldı ki, bu ölkəyə təyyarə yalnız Danimarkadan gedir. Elə bu səbəbdən də Danimarkada toplanış keçmək məqsədəuyğun olardı”.

 

Avstriya toplanışı kimi, Çexiya ilə nəzərdə tutulan yoxlama görüşü də təxirə salınan U-21 Farer adaları ilə matçdan öncə mütləq yoxlama oyunu keçirəcək. Vahabzadənin sözlərinə görə, gənclər millimizin rəqibi yığma komanda yox, klub olacaq: “İstəyirik ki, Danimarka klublarından biri ilə qarşılaşaq. Toplanış hansı ölkədə olursa, oranın komandası ilə oyun keçirmək daha rahatdı. İndiki vəziyyətdə yığmalardan biri ilə yoxlama matçı keçirə bilmərik. İstəyirdik Çexiya ilə qarşılaşaq, o da alınmadı. Hazırda Danimarkanın klubları ilə danışıqlar gedir. Farer adaları ilə rəsmi matçdan öncə mütləq yoxlama görüşündə gücümüzü yoxlayacağıq”.

 

Qeyd edək ki, U-21-in Farer adaları ilə oyunu iyunun 15-nə təyin olunsa da, qarşı tərəf UEFA-ya müraciət edərək, matçın 2 gün sonraya salınmasını xahiş edib.

 

 

Tengiz MƏMMƏDOV