[b]Azərbaycan - San Marino: Rəqəmlər nə deyir?[/b]
03.09.2017 - 22:57
[b]Azərbaycan - San Marino: Rəqəmlər nə deyir?[/b]

Azərbaycan millisi sentyabrın 4-də növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsində San Marino ilə görüşəcək.


Bu, komandamızın 25 illik tarixində 232-ci matç olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız arxada qalan müddətdə 231 qarşılaşmada meydana çıxıb.

 

Millimiz indiyədək 43 qələbə qazanıb, 62 dəfə heç-heçə edib. Hesabında 126 məğlubiyyət olan millimiz bu matçlarda 163 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 392 qoluna üzülüb.

 

Komandamız dünya və qitə çempionatlarının seçmə mərhələlərində 116-cı sınağına çıxacaq. Özünün 12-ci tsiklində çıxış edən milli 12 qələbə qazanıb, 23 heç-heçə edib və 80 dəfə uduzub. Əvvəlki 115 matçda 58 qol vuran futbolçularımız rəqiblərin 243 topuna şahid olub.

 

Yığmamız DÇ-nin seçmə mərhələlərində 56-cı görüşünə çıxacaq. İndiyədək 55 belə oyunda qüvvəsini sınayan millimiz 6 qələbə qazanıb, 14 heç-heçə edib və 35 dəfə uduzub. Futbolçularımız 22 qol vurduğu matçlarda 96-nı buraxıb.

 

“Cırtdanlar”la görüş yığmamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin millimizdə 21-ci sınağı olacaq. 2015-ci ildən milliyə rəhbərlik edən mütəxəssis 5 qələbə və 6 heç-heçə ilə yanaşı, 9 məğlubiyyət də yaşayıb. Millimiz top fərqində də məşqçisini üzüb - 15:29.

Bakıdakı qarşılaşma xorvatiyalının seçmə mərhələlərdə 14-cü sınağı kimi yadda qalacaq. Əvvəlki 13 matçda 3 qələbə və 4 heç-heçəsi olan komandamız 6 dəfə uduzub. Həmin görüşlərdə 8 qol vuran futbolçularımız 18 top buraxıblar.

0