Sabah futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə final mərhələsinin bir addımlığında olan Azərbaycan millisinin son rəqibi müəyyənləşəcək.
Son 3 qitə çempionatının həlledici mərhələsində çıxış edən yığmamız pley-offda mübarizə aparacaq 8 komandadan biri olacaq. Seçmə mərhələdə qrup ikincisi olan 7 yığma – Azərbaycan, Macarıstan, Bosniya və Herseqovina, Çexiya, Slovakiya, Qazaxıstan, Belarus və ən yaxşı nəticəyə malik qrup üçüncüsü – Rumıniya Serbiyadakı yarışa son 4 vəsiqə uğrunda mübarizə aparacaq.
Bakı vaxtı ilə saat 17:00-da başlayacaq püşkatmada 8 iştirakçı 4 cüt təşkil edəcək. Kor püşk yalnız 1 şərt daxilində keçiriləcək.
Belə ki, pley-offa eyni seçmə qrupdan çıxan Qazaxıstanla Rumıniya yenidən üz-üzə gələ bilməz. Digər komandaların cüt təşkil etməsi isə qaydalara uyğundu.
Pley-offun iştirakçılarından üçü – Qazaxıstan, Slovakiya və Bosniya və Herseqovina tarixində ilk dəfə final mərhələsinə yüksələ bilər. Bunlardan sonuncu iki komanda AVRO-2014-ün pley-offunda büdrəmişdisə, qazaxıstanlılar bu qədər irəliləməsi də artıq rekorddu.
Azərbaycan, Rumıniya və Çexiya AVRO-2014-ün iştirakçılarından olub. Sonuncular pley-offu keçsə, ardıcıl 8-ci dəfə final mərhələsində iştirak edəcək. Sonuncu dəfə AVRO-2010-a qatılan Macarıstanla Belarus həsrətə 6 ildən sonra son qoymaq arzusundadı.
Qeyd edək ki, seçmə mərhələdən sonra Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya milliləri Avropa çempionatına vəsiqə qazanıb. 2016-cı il fevralın 2-13-də keçiriləcək final mərhələsinə ev sahibliyi edəcək Serbiya yığması isə yarışa təşkilatçı ölkə kimi qatılacaq.