Türkiyənin gənclər yığmasının və “Bursaspor” klubunun hücumçusu Kubilay Kanatsızkuş daha bir komandanın maraq dairəsinə düşüb. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, “Qalatasaray”dan sonra “Benfika” da gənc forvardı transfer etmək fikrindədi.
Məsələ burasındadı ki, Türkiyə ilə Azərbaycanın U-21 yığmaları arasında martın 28-də baş tutan qarşılaşmanı Portuqaliya klubunun da skautları izləyib. “Ay-ulduzlular”ın 4:0 hesabı ilə qalib gəldikləri matçda “Benfika” rəsmilərinin ən çox bəyəndiyi futbolçu məhz Kanatsızkuş olub. Lissabon təmsilçisi oyunda dubl edən hücumçu ilə bağlı artıq “Bursaspor” klubu ilə görüş keçirib. Portuqaliyalılar “ağ-yaşıllar”ın üzvünü klubunun heyətində daha bir neçə matçda izləmək qərarına gəliblər.
Qeyd edək ki, bu mövsüm Superliqada 5 qola imza atan 20 yaşlı forvardın “Bursaspor”la müqavilə müddəti 2020-ci ilə qədərdi.