[b]Millimizin potensial rəqibləri bilindi[/b]
22.03.2015 - 01:15
[b]Millimizin potensial rəqibləri bilindi[/b]

Futzal üzrə milli komandamızın Avropa çempionatının "pley-off" mərhələsindəki potensial rəqiblərinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yığmamız 7 komandadan birinə rəqib olacaq.

 

Komandamızla yanaşı, digər qrupların ikinciləri, eləcə də ən yaxşı 3-cü yerin sahibi "pley-off" mərhələsində 4 cütlüyə bölünəcək və qalib gələnlər final mərhələsinə vəsiqə qazanacaq. Beləliklə, qrup ikinciləri olan Azərbaycan, Bosniya və Herseqovina, Macarıstan, Belarus, Çexiya, Slovakiya, Qazaxıstan, həmçinin ən yaxşı 3-cü olan Rumıniya öz aralarında xoşbəxt "dördlüy"ü müəyyən edəcəklər.

 

İyunun 10-da İsveçrənin Nyon şəhərində "pley-off"un püşkatması olacaq. Bu mərhələnin oyunları isə sentyabrın 15-də və 22-də baş tutacaq.

 

Qeyd edək ki, Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya qrup birinciləri kimi, Serbiya isə ev sahibi qismində gələn il fevralın 2-dən 13-dək keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər.