21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində iştirak edəcək komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2015-ci ildə Çexiyada təşkil olunacaq yarışa 7 vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olub.
İki oyundan ibarət bu mərhələdən sonra Portuqaliya, İtaliya, İsveç, Almaniya, İngiltərə, Serbiya və Danimarka həlledici oyunlara yüksəlib. Seçmə mərhələdə Azərbaycan millisi ilə eyni qrupda yer alan, yığmamıza iki dəfə qalib gələn Portuqaliya futbolçuları güclü Hollandiyanı mübarizədən kənarlaşdırıb.
Pireney təmsilçisi səfərdəki 2:0 hesablı qələbədən sonra evdə qol şousu göstərib. 9 qolun vurulduğu görüşdə millimizin qənimi çətin qələbə qazanıb – 5:4.
Pley-offun sensasiyası isə son iki turnirin çempionu İspaniyanın oyununda qeydə alınıb. 2011 və 2013-cü illərdə qızıl medallar qazanan pireneylilər Serbiyaya öz meydanında uduzub.
Pley-off mərhələsi
Portuqaliya – Hollandiya – 5:4
İlk oyun – 2:0
İtaliya – Slovakiya – 3:1
İlk oyun – 1:1
Almaniya – Ukrayna – 3:0
İlk oyun – 2:0
Xorvatiya – İngiltərə - 1:2
İlk oyun – 1:2
İspaniya – Serbiya – 1:2
İlk oyun – 0:0
İslandiya – Danimarka – 1:1
İlk oyun – 0:0
İsveç – Fransa – 4:1
İlk oyun – 0:2