[b]Millinin qapıçısı: Peresi başa düşürdük[/b]
22.04.2016 - 09:30
[b]Millinin qapıçısı: Peresi başa düşürdük[/b]

“Mənim uğurumda Tino Peresin böyük rolu olub”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli deyib.

 

Gənc qolkiper ispaniya məşqçi Faustino Peresin millimizdən ayrılması ilə bağlı münasibət bildirib. O qeyd edib ki, Peresi Azərbaycanda yalnız bir məqam narahat edib: “Ailəsinin yanında olmamasından narazı idi. Bizə də bu barədə fikirlərini deyirdi. Onu başa düşürdük. Çünki hər kəs ailəsinin yanında olmaq istəyir”.

 

Peresin Azərbaycan futzalına çox şey qazandırdığını deyən Hüseynli yeni baş məşqçi məsələsinin ona aid olmadığını vurğulayıb: “Peresin rəhbərliyi altında dünya çempionatında oynamaq hüququ qazandıq. Bu, tarixi uğurdu. Bayaq da qeyd etdiyim kimi, mənim inkişafımda da müstəsna rol oynadı. İnandı, şans verdi. Buna görə ona minnətdaram. O ki qaldı yeni baş məşqçi məsələsinə, kimin gələcəyini rəhbərlik həll edəcək. Yeni məşqçinin kimliyindən asılı olmayaraq, tək istəyimiz dünya çempionatında uğurlu çıxış etməkdi”.

 

Yığmanın qapıçısı dünya çempionatında uğurlu çıxış edəcəklərinə inandığını bildirib: “Razıyam ki, yeni baş məşqçinin komandaya uyğunlaşması üçün vaxt lazım olacaq. Adaptasiya mütləq olmalıdı və bunun üçün vaxt var. Hazırlıqlara başladığımız gündən dünya çempionatının son oyununa kimi əlimizdən gələni edəcəyik. Peres millimizin mundialda yarımfinala qədər gedəcəyini deyib. Mən də buna inanıram. Mümkünsüz heç nə yoxdu. Dünya reytinqində 10-cu yerdəyiksə, deməli, potensialımız lazımi dərəcədədi. Ancaq yenə də ciddi və maksimum güclə hazırlaşmalıyıq”.

 

0