“Neftçi”nin yeni transferi Soni Mustivar Haiti millisindən öncə Fransanın U-20 yığmasının şərəfini qoruyub. Apasport.az saytının məlumatına görə, o, 2009-cu ildə fransızların heyətində Aralıq dənizi Oyunlarının iştirakçısı olub.
Turnirə yollanmış “18-lik”də Mustivarla yanaşı, “Qəbələ”nin futbolçusu Stiven Jozef-Monroz və “Mançester Yunayted”in sabiq üzvü, hazırda “Everton”un formasını geyinən Morqan Şneyderlin də yer alıb.
Mustivar və komanda yoldaşları qrup oyunlarından üzüağ çıxıblar. Əvvəlcə Türkiyə ilə qarşılaşan Fransa 2:0 hesablı qələbə qazanıb və yekun hesabı müəyyənləşdirən qola Jozef-Monroz imza atıb. Mustivar start heyətdə yer almasa da, 70-ci dəqiqədə meydana daxil olub. Rəqibin heyətində hazırda “Fənərbaxça”da oynayan Hasan Ali Kaldırım, “Qalatasaray”ın müdafiəçisi Sərdar Əziz və “Beşiktaş”ın üzvü Necip Uysal kimi futbolçular çıxış ediblər.
Fransızlar qrupun ikinci oyununda Maltanı tək qolla üstələyiblər və Mustivar bu görüşdə 90 dəqiqə meydanda olub.
Hər iki görüşdə qələbə qazanan Fransa millisi qrup birincisi kimi yarımfinala adlayıb. Burda isə onların qarşısına güclü İspaniya yığması çıxıb. Rəqibin iştirak ərizəsində Xordi Alba, Ander Herrera, Andreu Fontas kimi oyunçuların adları yer alıb. İspanların 2:1 hesablı qələbə qazandığı matça Mustivar 56-cı dəqiqədə qoşulub.
Daha sonra fransızlar 3-cü yer uğrunda qarşılaşmada Liviya ilə üz-üzə gəliblər. Oyunda qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub və burda liviyalılar daha dəqiq olublar – 8:7. Meydana 83-cü dəqiqədə daxil olan Soni penaltilər seriyasında hədəfdən yayınmayıb.
İspaniyanın çempion olduğu yarışda Fransa 4-cü yeri tutub.
2013-cü ildən isə Haitinin yığmasının şərəfini qoruyan Mustivar DÇ-2018-in seçmə oyunlarında da iştirak edib. O, burda “Qarabağ”ın futbolçusu Vild-Donald Gerye və “Zirə”nin sabiq hücumçusu Kervens Belfortla komanda yoldaşı olub. Onların yer aldığı milli Kosta-Rika, Yamakya və Panama ilə eyni qrupda mübarizə aparıb. Mustivar bu görüşlərdən 4-də meydana çıxıb. O, Kosta-Rika ilə evdə (0:1), Yamayka ilə səfərdə (0:1), Panama ilə isə hər iki matçda (0:0, 0:1) iştirak edib.