“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində yayda komandanın gücləndirilməsini tələb edib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı 5 yeni oyunçunun alınmasını istəyir.
Mourinyo ilk növbədə, müdafiə xəttinə əl gəzdirmək niyyətindədi. Bundan əlavə, o, Maykl Kerrik və Maruan Fellaininin əvəzinə yeni yarımmüdafiəçilərin cəlb olunmasına qərar verib. Onun diqqət mərkəzində olan xavbeklər “Napoli”nin braziliyalı üzvü Jorjinyo və “Şaxtyor”un futbolçusu Freddi.
Təcrübəli mütəxəssis müdafiənin mərkəzində isə yayda “Tottenhem”i tərk edəcəyi gözlənilən Tobi Alderveyreldi görmək arzusundadı. Mourinyonun transfer siyahısında həmçinin Denni Rouz, Kiran Tirni və Aleks Sandronun da adı yer alıb. Bundan başqa, “Arsenal”ın sağ cinah müdafiəçisi Ektor Belyerin də “Mançester Yunayted”in maraq dairəsindədi. Rəhbərlik adları təqdim olunan futbolçulardan 5-nin transferini həyata keçirməlidi.
Əvəzində “mankunianlar” mövsümün sonunda 6 futbolçu ilə yolları ayıracaqlar.
Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran “Mançester Yunayted” İngiltərə Premyer Liqasında hazırda ikinci pillədə qərarlaşıb.